Razi Nurullayev: "Gülər Əhmədovanın yerində heç kimin olmasını arzulamazdım" MÜSAHİBƏ
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin SİA-ya müsahibəsi
- Millət vəkili Gülər Əhmədova ilə bağlı yayılan videodan sonra bu məsələnin müxalifət tərəfindən bu qədər siyasiləşdirilməsi nəyə hesablanıb?
- Ümumiyyətlə, məsələnin müxalifət tərəfindən siyasiləşdirilməsinin bu cür problemə çevrilməsini düzgün hesab etmirəm. Çünki Gülər Əhmədova özü siyasi partiyanın və parlamentin üzvüdür, eyni zamanda, siyasətlə məşğuldur. Bunun üçün də onunla bağlı hər hansı bir məsələ siyasiləşdirilməlidir. İkincisi, Gülər Əhmədovanın yerində heç kimin olmasını arzulamazdım və doğrusu, onun düşdüyü bu hala acıyıram. Amma bununla belə Gülər Əhmədovanın videosundakı görüntülər bir sıra məqamları üzə çıxardı. Onun üçün də bu məsələ siyasiləşdi. Yəqin ki, bu siyasiləşmə davam edəcək. Çünki məsələ də siyasi məsələdir. Lakin mənə elə gəlir ki, videoda baş verən hər bir məqam, cümlə, orada danışılanlar ciddi şəkildə araşdırılmalıdır.
- Məsələ ilə bağlı ilk reaksiya hakim partiya və dövlətin müvafiq qurumları tərəfindən verildi. Həmin dövrdə sanki müxalifət susmağa üstünlük verdi və sonradan bu məsələni siyasiləşdirərək daha geniş çıxışlar etdi. Bunlar nə dərəcədə düzgün idi?
- Əlbəttə ki, video ilk öncə yayılan zaman buna bir neçə dəfə baxılır və müəyyən analizlər aparılır. İlk öncə videonun yayılması həm müxalifətdə, həm də iqtidarda şok effekti yaratmışdı. Bu zaman Yeni Azərbaycan Partiyasının bir sıra üzvləri müəyyən açıqlamalar verərək öz reaksiyalarını verdilər. Müxalifət isə bununla bağlı sadəcə olaraq özünün media qurumlarında videonun yayımlanması ilə məşğul olaraq baş verənləri pislədi. Amma hələ analiz aparılmayıb. Bu gün onunla bağlı analiz aparılır və fikirlər ortaya qoyulur.
Əlbəttə ki, bu məsələyə bəzən müxalifət tərəfindən də qeyri-adekvat reaksiyaların olması və fikirlərin üst-üstə düşməsi heç də məsələnin ümumi prinsip və mahiyyətinə xələl gətirmir. Elşad Abdullayevin hələ bundan sonrakı yayacağı videolarla bağlı anonslar verməsi məsələnin daha da şişməsindən xəbər verir. Bununla bağlı tələsik qərarların verilməməsi və məsələnin daha ciddi şəkildə analiz olunması vacibdir.
- Razi müəllim, artıq Ermənistan Xankəndində aeroportun rəsmi şəkildə fəaliyyətə başlaması ilə bağlı açıqlama yayıb. Sizin fikrinizcə, bu danışıqlar prosesinə və münaqişənin həllinə necə təsir edə bilər?
- Azərbaycanlı zabit Ramil Səfərovun ölkəmizə qaytarılması Ermənistan-Azərbaycan münasibətlərinə və danışıqlara təsir göstərdi. Bu danışıqlar demək olar ki, təmamilə donduruldu. Xankəndi aeroportunun açılması da Ermənistanın ikinci simasını ortaya qoydu. Bununla da Azərbaycan hökuməti və xalqı barışmayacaq. Bu cür fəaliyyətin həyata keçirilməsi və buna birmənalı dünya siyasətindən mövqelərin bildirilməməsi Azərbaycan Ermənistan münaqişəsinin həllinə kömək edə bilməz. ATƏT-in Minsk qrupu həmsədrlərinin bu məsələ ilə bağlı öncəliklə ciddi şəkildə təpki ortaya qoymamaları təəssüf doğurur. Ortaya belə bir nəticə çıxır ki, həmsədr ölkələr Dağlıq Qarabağ və Ermənistana münasibətində ikili standartından əl çəkmək niyyətində deyil. Rusiya birmənalı şəkildə münaqişənin uzadılmasında maraqlıdır və Ermənistanı müdafiə edir. ABŞ və Fransa isə Rusiya kartı üzərindən Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq imkanlarını nəzərdən keçirmirlər. Belə çıxır ki, münaqişənin həlli həmin dövlətlər üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Ona görə də Azərbaycan daha qəti mövqeyini ortaya qoymalıdır. Dağlıq Qarabağ Azərbaycanın ərazisi hesab olunur. Bu BMT, ATƏT, Beynəlxalq konvensiyalar çərçivəsində təsbit olunub. Buna görə də Qarabağa uçus həyata keçirənlər Azərbaycanın icazəsi olmadan bunu edə bilməzlər. Düşünürəm ki, Xankəndi aeroportuna enən təyyarələr Ermənistandan gələn təyyarələr olacaq. Yəni, marşrut Ermənistanla Xankəndi arasında olacaq. Əgər digər ölkələrdə belə bir hadisə baş verərsə, Azərbaycanın sərt mövqeyi ortada olmalıdır. Hətta təyyarələrin vurulması və təhlükəsizliyinin təmin edilməməsi ilə bağlı mövqe ortaya qoyulmalıdır. Çünki ora Azərbaycan ərazisidir və təyyarələrin uçuşu üçün müəyyən texniki avadanlıqlardan istifadə edilməlidir.
- Bu proses hansısa gərginliyə və ya müharibənin baş verməsinə gətirib çıxara bilərmi?
- Mən hazırda müharibə təhlükəsi görmürəm. Amma artıq məlumdur ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesi pozulub, bu danışıqların və indiki status-kvonun uzadılması ancaq Ermənistan tərəfinə sərf edir. Çünki Ermənistan heç bir halda kompromisə getmək fikrində deyil. Ona görə də Azərbaycan tərəfinin Ermənistan tərəfi ilə görüşməsi və onların fəaliyyətinin legitimləşməsinə də isti yanaşmıram. Ona görə də Azərbaycan bu halda bu şəkildə danışıqların davam etməsi formatından geri çəkilməlidir. Azərbaycanın bu formatda görüşlər keçirməsi, xarici işlər nazirləri səviyyəsində görüşlər müəyyən mənada baş verməlidir. Amma Azərbaycan indiki formatdan geri çəkilməsə Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni üfüqlər yarana bilməz. Ona görə də Azərbaycanın bu məsələdə mövqeyi dəyişilməli və daha da ciddi tərəfə yönəlməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB