Macarıstan hökumətinin atdığı doğru addım idi

Baş nazir Viktor Orban Ramil Səfərovun ekstradisiyasının incəliklərindən danışdı
Macarıstan hökumətinin atdığı doğru addım idi

"Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması Macarıstan hökumətinin atdığı doğru addım idi". Macar xəbər portalına istinadən verilən məlumata görə, bu bəyanatı Macarıstanın baş naziri Viktor Orban ölkə parlamentində müxalifətçi deputat Laslo Kovaçın çıxışına münasibətinə bildirərkən deyib.

Suallara cavab verən Orban vurğulayıb ki, Səfərovun ekstradisiyası beynəlxalq normalara uyğun həyata keçirilib və heç bir qanun pozuntusuna yol verilməyib: "Əgər erməni azərbaycanlını öldürsəydi, biz eyni addımı atardıq. Macarıstan Azərbaycan və Ermənistandan çox öz maraqlarından çıxış edir".

Kovaçın "bu addımla Macarıstan Azərbaycan-Ermənistan münaqişəsinə daxil oldu. Ölkə bundan nə qazanacaq?" sualını cavablandıran baş nazir bildirib ki, bu münaqişənin yaxın vaxtlarda həlli gözlənilmir: "Ehtimal olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ davam edəcək, Macarıstan isə məhkumu Azərbaycana təhvil verməklə bu münaqişədən çıxmış oldu. Nə qədər ki, Səfərov burada idi, o, bizim üçün çoxlu problem və çətinlik yaradırdı. Gələcəkdə də vəziyyət belə qalacaqdı".

Bütün xəbərlər Facebook səhifəmizdə