SAM-ın direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İtaliyanın Milan və Roma şəhərlərində rəsmi səfərdə olub. SAM və İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində Milanda görüş keçirilib və gələcək addımlar müzakirə edilib. Növbəti gün Milanın Katolik universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr olunmuş seminar təşkil edilib.

SAM-ın direktor müavini Gülşən Paşayeva və aparıcı elmi işçi Kamal Makili-Əliyev 27-28 sentyabr 2012-ci il tarixlərində Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunun (IAI) təşkil etdiyi iki tədbirdə də iştirak ediblər. 27 sentyabr keçirilmiş və Dağlıq Qarabağ münaqişəsinə dair sülh prosesinin qiymətləndirilməsinə həsr edilmiş ilk tədbirdə SAM-ın direktor müavini G.Paşayeva və Ermənistanın Avrasiya Əməkdaşlıq Fondunun Avropa üzrə proqram meneceri M.Ovanisyan məruzəçi kimi çıxış ediblər. İAİ-nin direktor müavini Natali Toççinininin moderatorluq etdiyi bu tədbirə beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri, eləcə də İtaliyanın bir sıra beyin mərkəzlərini təmsil edən ekspertlər qatılıblar.

"Cənubi Tirol muxtariyyəti Post Sovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi"? mövzusuna həsr edilmiş ikinci tədbir isə bağlı qapılar arxasında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə