YAP Nizami rayon təşkilatında ahıllar günü qeyd olunub

Sədaqət Vəliyeva: "Bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir"

Məlum olduğu kimi, 1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda da ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Bütün strukturlar tərəfindən ahıllara yardımlar verilir, onların problemləri həll olunur. Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı da həmin günlə bağlı rayon ərazisində yaşayan ahıllara xüsusi diqqət ayırır.

Belə ki, ənənəsinə sadiq qalan rayon təşkilatı sentyabrın 29-da ahıllarla yenidən görüş keçirib. Ahılları salamlayan YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur: "Xalqımızın Ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir".

Millət vəkili vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir: "Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bir sözlə, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir".

Ahıllar da öz növbəsində ölkə Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda ahıllara bayram sovqatları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...