Buzovna çimərliyində "Təmizlik naminə" şüarı altında aksiya keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən Buzovna çimərliyində "Xəzər həftəsi"nə həsr olunmuş təmizlik aksiyası keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, "Təmiz Şəhər" ASC tərəfindən ildə 2 dəfə - çimərlik mövsümündən öncə və sonra təmizlik aksiyaları keçirilir. Artıq ənənə halını almış iməcliklərin keçirilməsində məqsəd paytaxt sakinləri və qonaqlara təmiz və gözəl istirahət şəraiti yaratmaq və onları istirahət məkanlarında təmizliyin qorunmasına təşviq etmək, bəzi sakinləri ətraf mühiti çirkləndirməkdən çəkindirməkdir.

"Təmizlik naminə" şüarı altında keçirilən təmizlik aksiyasında bir daha "Xəzərin sahillərinin ekoloji sağlamlığı hər birimizdən asılıdır" mesajı ictimaiyyətin diqqətinə çatdırılıb. Aksiyaya şəhər əhalisi, yerli sakinlər, xüsusilə gənclər qoşulub. Aksiya iştirakçıları nəqliyyat, üzərində təşkilatçıların loqotipləri olan köynək, papaq, əlcəklərlə təmin edilib. Tədbir çərçivəsində 200-ə yaxın könüllü Buzovna çimərliyinin plastik torba, butulka, kağız, karton və digər məişət tullantılarından təmizlənməsində iştirak edib.

Buzovna çimərliyinin təmizlənməsi nəticəsində toplanmış bütün tullantılar hazırda sınaq rejimində fəaliyyət göstərən Tullantıların Çeşidlənməsi Zavoduna daşınıb və orada çeşidlənərək təkrar emala yararlı materiallar seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə