AŞPA-nın payız sessiyası başlayır

Bu gündən etibarən Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır. SİA-nın xəbərinə görə, oktyabrın 5-dək davam edəcək sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edirlər. Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər.

İclaslarda Rusiyanın təşkilat qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyalarda qadınların təmsilçiliyi, siyasi məhbus anlayışı və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun "Avropa ali təhsil məkanında beynəlxalq şəffaflığın qorunması" mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaqdır.

İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Səfər çərçivəsində deputatlar Rafael Hüseynov, Rövşən Rzayev və Sabir Hacıyev Strasburqda keçiriləcək Demokratiya Forumunda da iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə