Xocavəndin işğalı ilə bağlı "Qarabağa doğru" devizi ilə yürüş-mitinq keçirilib
Xocavənd rayonunda rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə etiraz əlaməti olaraq yürüş keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında iki mindən artıq insanın iştirakı ilə baş tutan yürüş, Nərgiztəpədə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısınadək davam edib. Şəhid ailələri, müharibə veteranları, məktəblilər və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən yürüşdə "Ya Qarabağ ya ölüm","Xocalıya ədalət" kimi devizlər səsləndirilib. Mərasim iştirakçıları abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Azərbaycanın Dövlət Himni səsləndirilərək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər məlum Qarabağ hadisələrindən, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsindən bəhs ediblər. Çıxışlarda Ali Baş Komandanın uğurlu siyasəti sayəsində işğal altında olan torpaqlarımızın,o cümlədən Xocavənd rayonunun azad olacağına inam hissi əminliklə vurğulanıb.
Daha sonra yürüş iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti qəbul olunub. Xatırladaq ki, Xocavənd rayonu 1992-ci il oktyabrının 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində xalqımızın qədim maddi-mədəniyyət nümunələri talan edilərək yandırılıb, yüzlərlə xocavəndli qətlə yetirilib, rayon əhalisi öz dədə-baba torpaqlarından didərgin salınıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB