"RESURS" Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə narkomaniya və digər zərərli vərdişlər əleyhinə mədəni-kütləvi aksiyaların və təşviqat kampaniyalarının keçirilməsi" layihəsinin icrasına başlayıb. Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.6.1.-ci maddəsinin icrasını nəzərdə tutan layihənin əsas məqsədi yeniyetmə və gənclərlə görüşlər keçirmək, narkomaniya və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə gəncləri məlumatlandırmaq, ictimai müzakirələr təşkil etmək, məktəblilərin arzuolunmaz təsirlərdən qorunmalarına yardım etməkdir.
Layihə çərçivəsində narkomaniyanın yaranmasına şərait yaradan mühitin formalaşmasını aşkarlamaq, narkomaniya və digər zərərli vərdişlərə qarşı müqavimətin təşkil edilməsi üçün metodların müəyyənləşdirilməsi, narkomaniyaya yoluxmanın qarşısının alınması üçün ictimai maarifləndirmənin təşkili, maarifləndirici materialların yeniyetmə və gənclər arasında yayılması kimi vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub.
Artıq layihə heyəti komplektləşdirilmiş, əmək müqavilələri bağlanmış, fərdi və aylıq iş planları təsdiq olunub. Maarifləndirici materialların hazırlanması və çap edilməsi üzərində işlər tamamlanıb. Gənclərlə ictimai müzakirələrin, görüşlərin keçiriləcəyi ümumtəhsil məktəbləri müəyyənləşdirilib, müvafiq dövlət orqanları ilə danışıqlar aparılıb, təlim materialları, tədbirlərin gündəliyi və digər sənədlər təsdiqlənib. Layihənin Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulub. İctimai müzakirələrdə rayon icra hakimiyyətinin nümayəndələri ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və Nizami rayon polis idarəsinin əməkdaşlarının, tibb işçilərinin, həkim-narkoloqun da iştirak etməsi, yeniyetmə və gəncləri maraqlandıran bütün suallara ətraflı cavablar verilməsi üçün lazımi işlər aparılır. İlk tədbirin oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsi ilə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB