Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəvəti ilə Çin Xalq Respublikasının İnsan resursları və sosial müdafiə nazirinin müavini Yan Şitzunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. SİA-nın xəbərinə görə, Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycan dövlət qulluğu sistemi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq, habelə dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarətdir.
Sentyabrın 27-də qonaqlar Fəxri Xiyabanda olub, ümummilli lider Heydər Əliyevin məzarı önünə çiçəklər qoyub, onun ruhu qarşısında baş əyiblər. Çin Xalq Respublikasının dövlət qulluqçuları Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid
olmuş qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət ediblər. Sonra Çin Xalq Respublikasının Çin Xalq Respublikasının İnsan resursları və sosial müdafiə nazirinin müavini ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin görüşü olmuşdur. Qonaqları salamlayan Komissiyanın sədri Bəhram Xəlilov iki ölkə arasında olan əlaqələrin yüksək səviyyədə olduğunu, Çinin bütün mötəbər tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xüsusi vurğulayıb.
O qeyd edib ki, bu faktorlar Azərbaycan xalqında Çin xalqına qarşı böyük hörmət yaradıb. Komissiyanın beynəlxalq əlaqələrində Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin öncül yerlərdən birini tutduğunu bildirən B.Xəlilov, Komissiya sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin və Çinli dövlət qulluqçularının Azərbaycana səfərinin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. Təcrübə mübadiləsi məqsədi ilə təşkil edilən qarşılıqlı səfərlərin əhəmiyyətini bildirən sədr dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulun ilk dəfə məhz Çində həyata keçirildiyini qeyd edib. Sonda B.Xəlilov Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin nümayəndələrini "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda bu ilin oktyabr ayının 10-12-si Bakıda keçiriləcək beynəlxalq konfransa dəvət edib.
Yan Şitzu Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana dəvət edilməsinə və onlara göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, iki qurum arasında sıx münasibətlərin yaranması B.Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə etdiyi səfərinin nəticəsidir. Bakıya gəlməyindən məmnun olduğunu bildirən qonaq Azərbaycanın dövlət qulluğu sistemindən öyrəniləsi məsələlərin, xüsusən də dövlət qulluğuna qəbul sahəsində təcrübənin öyrənilməsinin önəmini vurğulayıb.
Görüşdə Çin Xalq Respublikasının ölkəmizdəki səfiri cənab Hong Jiuyin iştirak edib.
Qeyd edək ki, səfər bu gün, sentyabrın 28-i başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB