CASCFEN Mətbuat Şurasında olub

Bu gün Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN - Central Asian and Southern Caucasian Freedom of Expression Network) təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar. Şuradan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 2003-cü ildən fəaliyyətdə olan qurumun bu günlərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmasını vacib məqam kimi vurğulayaraq bunun CASCFEN-in iş səmərəliliyinin artırılmasında müstəsna rol oynayacağına əminliyini ifadə edib. Şura sədri daha çox özünün Orta Asiyadakı fəaliyyəti ilə tanınan təşkilatın türk dünyasındakı media vasitələri ilə sıx təmaslar qurmaq niyyətini vacib məqam kimi vurğulayıb.

Ə.Amaşov ümumən türkdilli media orqanları ilə ardıcıl əlaqələndirici missiyaya böyük ehtiyacın duyulduğundan danışıb. O, CASCFEN-in mövcud istiqamətdə də mühüm mövqe tutacağına ümidvar olduğunu bildirib.

CASCFEN sədri Azər Həsrət rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək deyib ki, təşkilat hazırda əsas missiyasına uyğun olaraq türk dünyasındakı aparıcı media qurumları ilə əlaqələr yaradır. Eyni zamanda daxildə də görüşlər keçirir, müxtəlif mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirir. Sədr hazırkı məqamda CASCFEN qarşısında duran vəzifənin Azərbaycan Mətbuat Şurasın üzvlük olduğunu önə çəkib. Həmçinin Şura ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirib.

Qeyd edək ki, görüşdə gələcək qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə