Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi

Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi

Azərbaycanda korrupsiyaya qarşı mübarizə son illər daha da intensivləşib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında millət vəkili Azay Quliyev deyib. O bildirib ki, bu günlərdə prezidentin sərəncamı ilə korrupsiyaya qarşı mübarizə üzrə 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Proqramı təsdiqlənib. O bildirib ki, açıq hökumətin təşviqinə dair milli fəaliyyət planı təsdiq edilib: "Bu hər iki material da onu göstərir ki, Azərbaycan dövlətinin korrupsiya ilə mübarizəsi sistemli, ardıcıl və fasiləsizdir. Bu proqramların təsdiqi ilə ölkədə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə keçdi".

A.Quliyev vurğulayıb ki, yeni yaradılan Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN xidmət mərkəzləri isə korrupsiya və neqativ halların aradan qaldırılması üçün gözəl mexanizm olacaq. Onun sözlərinə görə, mərkəz 9 nazirliyin təqdim etdiyi 23-dən çox xidməti özündə əks etdirəcək.

"Bu o deməkdir ki, artıq vətəndaşlar hər hansı məsələdən ötrü ayrı-ayrı dövlət qurumlarına deyil, vahid mərkəzə müraciət edərək öz işlərini, qarşısında duran vəzifəni icra edə biləcəklər. Müvafiq mərkəzlərdə qeydiyyatla bağlı xidmətlər şəhadətnamə, şəxsiyyət vəsiqəsi və s. verilməsi üçün xidmət göstəriləcək.Dövlətimiz bütün neqativ hallarla mübarizədə vətəndaşların ümumi rifah halınının yaxşılaşdırılması istiqamətində ciddi siyasətə malikdir. Bu baxımdan da yeni yaradılan xidmət vətəndaşı məmnun etmək, onun dövlətlə münasibətlərini və əməkdaşlığını daha sıxlaşdırmaq, vətəndaş üzərində dövlət məmurlarının bürokratiyasını, süründürməçiliyini minimuma endirmək üçün çox gözəl bir sistemdir. Bu sistem çox böyük dəyişikliklərə gətirib çıxaracaq. Bu xidmət mərkəzləri təkcə Bakıda deyil, bir sıra regionlarda da öz fəaliyyətlərini quracaq. Beləliklə, ölkədə neqativ halların ən azı minimuma endirilməsi üçün gözəl bir mexanizm əldə ediləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə