Bu gün səhər saat 06.40 radələrində paytaxt Bakı da daxil olmaqla respublikanın bir sıra rayon və şəhərləri işıqsız qalıb. SİA-nın məlumatına görə, Mingəçevirdə elektrik stansiyasının iri ötürücü qurğusunu ildırım vurması nəticəsində Bakı Metropoliteninin işi iflic olub, metronun fəaliyyəti dayanıb. Bakı Metropolitendən SəsTV-yə verilən məlumata görə, həmin vaxt Bakı metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına müvafiq surətdə tunel və stansiyalardan təxliyyə olunublar. Hadisə nəticəsində heç bir sərnişinin xəsarət almadığı bildirilib. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanılıb.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən verilən məlumata görə, dünən qeyri-sabit hava şəraiti ilə əlaqədar Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb. Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Bununla belə işıqın olmaması dəmiryollarında, sərnişin nəqliyyatında da bəzi probləmlərə yol açıb. Paytaxt sakinləri avtobusların qrafika uyğun hərəkət etməməsi üzündən xeyli vaxtı yollarda qalmalı olub. Hər gələn avtobusa isə minmək qeyri-mümkün olub. Rastlaşdığımız mənzərə isə özünü daha çox "20 Yanvar", "Elmlər Akademiyası", "Sahil", "Koroğlu", "Qara Qarayev", "Nefçilər" metrostansiyalarının ətrafında göstərib. Koroğlu metrosunun ətrafındakı 1, 25, 125, 160 və s. nömrəli avtobusların qrafik siteminə uyğun işləməməsi sakinlərin haqlı narazılığına səbəb olub. Avtobus sürücüləri isə gecikmələrin başlıca səbəbini metronun işləməməsi ilə əlaqələndirdilər. Bundan ən çox yararlanan isə taksi sürücüləri oldu. Onların sözlərinə görə, avtobusların işləməməsi sərnişinlərin sayını birə-on qat artırıb.
Məsələ ilə bağlı Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamağa çalışdıq. Amma təəssüflər olsun ki, zənglərimiz qurum tərəfindən cavab verən olmadı.
Bu arada qeyd edək ki, qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB