Qalmaqallı video ilə bağlı cinayət işi açıldı

Qalmaqallı video ilə bağlı cinayət işi açıldı

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı Şəhər Prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilmiş, müvafiq orqanlara tapşırıqlar göndərilmiş, zəruri sorğular və əməliyyat tapşırıqları verilib.

Hazırda iş üsrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə