"Emin N" MMC-yə məxsus "Golden Ring" şadlıq evində bir sıra nöqsanlar aşkar edilib
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2403 ünvanında yerləşən "Emin N" MMC-yə məxsus "Golden Ring" şadlıq evində dövlət nəzarəti aparılıb. Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, şadlıq evində müxtəlif kulinar məmulatların və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan, aşbazlar tərəfindən öz bildikləri kimi hazırlanır. Bundan başqa məhsulların saxlanma rejiminə riayət olunmur. Belə ki, turşu və şorabalar anbardan kənarda antisanitar vəziyyətdə saxlanılır.
Müəssisənin anbarına keçirilmiş baxış zamanı mənşəyi bəlli olmayan 150 kq nərə balığının əti, 400 ədəd 3 litrlik balonlarda zeytun turşusu,100 ədəd 3 litrlik balonlarda müxtəlif növ turşular aşkar edilib. Həmçinin mərasim üçün hazırlanmış tortun, müxtəlif növ içkilərin, ədviyyatların, çörəyin sertifikatları mövcud olmayıb.
Qeyd edək ki, aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisəyə iradnamə və tələbnamə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə