Azərbaycanda səfərdə olan Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin sədri Serdar Kalayçı və onun rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva ilə görüşüb. SİA-nın məlumatına görə, qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" fikrini qeyd edərək, Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib.
"Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənər. Azərbaycan nə qədər güclənərsə, bu Türkiyənin gücü deməkdir" - deyən, millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını deyib.
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.
Meram bələdiyyə sədri Serdar Kalayçı Azərbaycana ilk dəfə səfər etməklərindən məmnunluğunu ifadə edib və burada özlərini vətənlərində hiss etdiklərini deyib. Türkiyənin daim qardaş Azərbaycanın yanında olduğunu bildirən Serdar Kalayçı Azərbaycanla, onun bölgələri ilə əməkdaşlıq əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını da vurğulayıb. Bu baxımdan Azərbaycanın Şəki şəhər bələdiyyəsi ilə Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsi arasında qardaşlaşmaya dair sazişin imzalanmasını diqqətə çatdırıb və bu sazişin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlər, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi də aparılıb. Görüşün sonunda Meram bələdiyyə sədri Serdar Kalayçı millət vəkili Qənirə Paşayevaya Meram bələdiyyəsinin adından təşəkkürnamə təqdim edib. Millət vəkili Qənirə Paşayeva Meram bələdiyyə sədrinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar təqdim edib.
Daha sonra Meram bələdiyyəsinin sədri Serdar Kalayçı və onun rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər. Qonaqlar Bakının tarixi məkanlarından olan İçəri Şəhəri, Şirvanşahlar Saray Kompleksini və digər tarixi yerləri də ziyarət ediblər və Azərbaycanın, Bakının belə sürətli inkişafından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin Azərbaycana səfərinin əsas məqsədi, Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşmaya dair sazişin imzalanması olub. Azərbaycanın Şəki şəhər bələdiyyəsi ilə Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsi arasında qardaşlaşmaya dair saziş Şəki şəhərinin yaranmasının 2700 illiyi və "Şəhər günü" ilə əlaqədar Şəki şəhərində keçirilən bayram tədbirləri çərçivəsində imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB