Ağcabədidə musiqili komediyanın prezentasiyası oldu

Ağcabədidə musiqili komediyanın prezentasiyası oldu

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyov IV Beynəlxalq musiqi festivalları çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrın 25-də Ağcabədi şəhərində dahi bəstəkarın "O olmasın, bu olsun" musiqili komediyası nümayiş etdirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tamaşada mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə dahi bəstəkarın şəhər incəsənət məktəbinin qarşısındakı heykəlini və "Qarabağ Muğam Mərkəzi"nin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

"Qarabağ Muğam Mərkəzi"nin qarşısında keçirilən tədbirdə çıxış edən, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iştirakçıları musiqi bayramı münasibətilə təbrik edərək, böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Natiq daha sonra bildirib ki, Üzeyir Hacıbəyovun yaradıcılıq irsi təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyət üçün tükənməz sərvətdir. Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyorlarının ifasında dahi bəstəkarın "O olmasın, bu olsun" musiqili komediyasını nümayiş etdirib.

Musiqili komediyada əsas rolları xalq artistləri Azər Zeynalov, Şahlar Quliyev, əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Gülüstan Əliyeva, Bəhram Əliyev, Fərid Əliyev və başqaları ifa ediblər. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, truppa müdiri əməkdar mədəniyyət işçisi Tamara Eyvazovadır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə