“Azərikimya” da daha bir yenilik

“Azərikimya” da daha bir yenilik

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Mexaniki-təmir zavodunda 5 metrə qədər uzunluğa malik qovşaq və hissələrin mexaniki emalına imkan verən DİP-400 markalı torna dəzgahı quraşdırılaraq istifadəyə verilib. Bununla da əvvəllər yalnız 3,2 metrə qədər ölçüdə hissələrin təmir və bərpa olunduğu müəssisənin texniki imkanları və potensialı artıb. "Azərikimya" İB-dən SİA-ya verilən məlumata görə, müxtəlif funksiyaların yerinə yetirildiyi yeni dəzgah Birliyin müəssisələrində istismarda olan texnoloji və mexaniki avadanlıqlarının təmirə ehtiyacı olan müxtəlif konfiqurasiyalı detallarının, o cümlədən turbokompressorların böyük ölçülərə malik porşen və oymaqlarının, val və şpindellərinin, düz, silindrik və konusvari səthlərə malik müxtəlif hissələrin və s. yüksək dəqiqliklə emalına imkan verir. Eneri sərfi baxımından sərfəli olması bu dəzgahın qənaət rejiminə ciddi diqqət yetirən "Azərikimya" İB üçün əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, son dövrlərə qədər fiziki və mənəvi baxımdan köhnəlmiş dəzgahlardan istifadə edən Mexaniki-təmir zavodu üçün bir neçə ay əvvəl müasir tipli "Laqun" markalı dəzgah alınıb, DİP-400 qurğusu istismara buraxılıb. Komputer sistemli bu yeni dəzgah və qurğuların işə salınması Birlik müəssisələrinin sifarişlərinin daha tez və keyfiyyətlə yerinə yetirilməsində, texnoloji və mexaniki avadanlıqların mövcud texniki tələblər və standartlar səviyyəsində təmir və bərpasında mühüm rol oynayır. Artıq üçüncü ildir ki, yeniləşmə və müasirləşmə proseslərinin uğurla aparıldığı Mexaniki-təmir zavodu üçün gələn il daha bir neçə yeni, müasir tipli dəzgahın – kiçik ölçülü, mürəkkəb konfiqurasiyalı detalların emalı üçün torna dəzgahının, metalkəsən qilyotinin və s. quraşdırılması nəzərdə tutulur. Artıq müvafiq sifarişlər verilmişdir. Dəzgah parkının yeni və müasir emal dəzgahları ilə genişləndirilməsi ilə yanaşı Sumqayıt Təlim-Tədris Mərkəzində onları mükəmməl idarə edə biləcək yüksək ixtisaslı gənc tornaçıların, frezerçilərin, çilingərlərin və s. hazırlanması istiqamətində də məqsədyönlü iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə