Kişi və qadınların qorxulu kabusu olan "aldanmaq" günün əsas problemidir. Bəs görəsən kişi və qadınlar aldandıqlarını necə hiss edir? Aldanma hallarının ölümlə nəticələndiyi, "qeyrət-namus" məsələlərinin ön planda olduğu bir ölkədə yaşayırıq. Böyüklərimiz əzəldən "o kişidir, ona hər şey olar" deyiblər. O deyən, bu deyən...
Cəmiyyətdə kişilərin önəmini azaltmaq istəmirik, ancaq bu onların hər istədiyini edə biləcəkləri anlamına gəlmir. Araşdırmalara görə, aldadan kişinin hərəkətləri, aldadan qadınlara nisbətən daha rahat olur. Çünki aldatmaq kişilərə görə sadə bir şeydir. Zərif cinsin nümayəndələrinə pis gözlə baxan, evə gələndə isə "mentalitet" axtaran kişilərimiz də az deyil.
Bu mövzuda psixoloq Dəyanət Rzayevin də fikirlərini öyrəndik. SİA-ya açıqlamasında psixoloq deyib ki, aldatmaq və aldanmaq hər iki tərəf üçün bəraətsiz haldır.
"Aldatma məsələlərində mentalitetdən çox şey asılıdır. Bizim cəmiyyətdə aldanma halları daha çoxdur. Ona görə ki, bizim kişilər daha çox qısqancdır. Məsələn, qadına kimsə səhvən zəng edəndə qadın məcbur qalıb onu həyat yoldaşına demir ki, o, bu məsələni daha da böyüdəcək. Ona görə qadın yalan danışmalı olur. Elə yalanlar var ki, müdafiə xarakteri daşıyır, ailəni qorumaq naminə deyilir",- deyə psixoloq əlavə edib.
D. Rzayev onu da qeyd edib ki, Azərbaycanda kişinin aldatması normal bir haldır: "Hətta ona "bomba oğlan" kimi baxırlar. Qadınlar isə ərlərini sevməyəndə xəyanət edirlər və bu onlarda daha çox psixoloji cəhətdən özünü göstərir. Onlar günah hissi ilə yaşamağa başlayırlar. Kişilərdə isə belə deyil. Onlar hər hansı bir qadınla yatırlar və bunda heç bir qəbahət görmürlər".
Bu mövzu yazmaqla qurtaran deyil. Hər-halda hər bir insan özünə cavabdehdir. Amma çalışaq ki, aldanıb-aldatmayaq!
XANIM NAĞIYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB