Ermənistan Azərbaycanın işğal altındakı Xankəndi şəhərinin hava limanını yaxın günlərdə işə salmağı planlaşdırır. Bunu Dağlıq Qarabağ separoatçılarının nümayəndəsi Dmitri Atbaşyan deyib. Onun sözlərinə görə, hava limanı yaxın günlərdə təyyarələri qəbul etməyə və yola salmağa hazırlacaq.
Hava limanının ilkin mərhələdə 100 sərnişinə xidmət göstərməsi planlaşdırılır. Sərnişin daşımaları ilə işğal altındakı ərazilərdə qurulan "Artsakh Air" şirkəti məşğul olacaq.
Qeyd edək ki, Azərbaycan tərəfi Xankəndi hava limanının işə salınmasını qanunsuz hesab edir. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bir müddət əvvəl bəyan etmişdi ki, bu hava limanının fəaliyyəti mümkün deyil. Belə ki, havaya qalxan təyyarə hava məkanından istifadə etməlidir, hava məkanı isə Azərbaycana məxsusdur. "Biz bu hava məkanından mülki hava gəmiləri üçün istifadəni qadağan etmişik. Nə üçün? Çünki biz ona nəzarət edə bilmirik və heç kim uçuşların təhlükəsizliyə zəmanət verə bilməz. Ona görə də biz beynəlxalq aeronaviqasiya qaydalarına uyğun olaraq hava məkanını bağlı elan etmişik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bu qərarımızı qəbul edib. Əgər ermənilər Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, deməli, beynəlxalq qaydaları pozmuş olacaqlar. Azərbaycan bəyan edib ki, öz ərazisində hazırda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir və bundan başqa yerdən havaya təyyarə qalxırsa, bu, hava məkanımızın pozulması halıdır".
Azərbaycanın mövqeyini Beynəlxalq Mülki Aviasiya Təşkilatı da dəstəkləyir. Təşkilatın sədri Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına məktub ünvanlayıb: "Mən yazmışdım ki, heç bir dövlət tərəfindən Azərbaycanın qaydalarının pozulmayacağına ümid edirəm. Təşkilat rəhbəri də mənim fikrimi bölüşdüyünü yazıb. Məktubda qeyd edilir ki, hava məkanı pozulursa, Azərbaycan həmin hava gəmisini hər hansı başqa hava limanında enməyə məcbur edə bilər. Amma məktubda o da qeyd olunur ki, məcburi eniş etdikdə dinc insanlara və mülki hava gəmisinə ziyan toxunmamasına çalışmaq lazımdır. Təbii ki, təyyarədəkilərin dinc insanlar olmasını müəyyən etmək üçün də məcburi enişi təmin etmək lazımdır. Hansı tədbir görülməsi isə dövlətin öz hüququdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB