Fiziki şəxs Ağəli Hüseynova məxsus "Ləziz" nişanlı mağazada bir sıra nöqsanlar aşkar edilib
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti 66 ünvanda fəaliyyət göstərən fiziki şəxs Ağəli Hüseynova məxsus "Ləziz" nişanlı mağazanın istehsal sexlərində dövlət nəzarəti aparılıb.
Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan məhsullar üçün texnoloji təlimat, müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturalar yoxdur. Buna görə də məhsullar vitrinlərdə qeyri-müəyyən müddətədək saxlanılır. Bundan başqa istehsal olunan məhsullardan kulinariya məmulatlarının, bilinçiklərin, hazır yeməklərin, piçanın, dana bujaninasının, göbələk salatının, dovğanın və s. məhsulların uyğunluq və gigiyenik sertifikatları yoxdur. Xammallardan ətin, qara ciyərin baytarlıq və mənşə sənədləri yoxlamaya təqdim edilməyib. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni anbarda və uyğun olmayan şəraitində saxlanılır. Həmçinin müəyyən edilib ki, müəssisənin istehsal şəraiti qeyri-qənaətbəxşdir. Plovun, isti yeməklərin hazırlandığı yer mövcud sanitariya normalarına cavab vermir.
Qeyd edək ki, aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalının satışını qadağan edən tələbnamə verilib, inzibati protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB