Masallı RİH: Qeyd olunanlar həqiqətdən uzaqdır

Masallı RİH: Qeyd olunanlar həqiqətdən uzaqdır

Son günlər bəzi müxalifət yönümlü kütləvi informasiya vasitələrində Masallı rayonu haqqında həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli yazılar dərc edilir. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Masallı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, sözügedən yazılarda qeyd olunanlar həqiqətdən uzaq, tamamilə əsassız və uydurma məlumatlar rayonda bərqərar olan sabitliyə, sosial-iqtisadi inkişaf, tərəqqi və insanların rifah halının yaxşılaşdırılması məqsədilə aparılan irimiqyaslı layihələrə kölgə salmaq cəhdləridir. Belə ki, rayonda torpaq və obyekt davalarının qızışdığı, abadlıq-quruculuq işlərinin aparılmadığı, 5 kəndin etiraza qalxdığı, "Köhnə bazar"ın bağlanması kimi fikirlər qərəzli olmaqla bərabər, rayonda həyata keçirilən irimiqyaslı işlərin əleyhinə qarayaxmalardır.

Məlumat üçün bildiririk ki, Masallı rayonunda həyat öz axarı ilə davam edir, ictimai-siyasi vəziyyət tam sabitdir. Rayonun bütün ərazilərində tikinti-quruculuq işləri həyata keçirilir, insanları narahat edən sosial problemlər aradan qaldırılır. Son illərdə rayonda 34 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Təkcə bu il 5 yeni məktəb binası tikilib istifadəyə verilmiş və 2 uşaq bağçası əsaslı təmir olunmuşdur. hazırda 6 məktəbin tikintisi davam etdirilir. Rayonda ümumilikdə 60 km-ə yaxın yol, 70 km-dən artıq qaz xətti çəkilmiş və təmir olunmuş, rayonun rabitə sistemi bütövlükdə elektronlaşdırılmış, onlarla səhiyyə və mədəniyyət ocaqları inşa olunmuş, yeni park və xiyabanlar salınmış və hazırda bütün istiqamətlərdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bütün bunlarla bərabər Masallı şəhərinin su kanalizasiya sisteminin yenidən qurulması işləri aparılır və kütləvi informasiya vasitələrində adları hallandırılan kəndlər də daxil olmaqla 28 kəndə yeni içməli su xəttinin çəkilməsi işlərinə yaxın günlərdə başlanılacaqdır. Onu da qeyd edirik ki, bu kəndlərdə əvvəllər içməli su xətti heç vaxt mövcud olmayıb.

Masallı şəhərində fəaliyyət göstərən "Köhnə bazar" ticarət mərkəzinin bağlanması iddiasına gəldikdə bildiririk ki, bu istiqamətində heç vaxt heç bir tədbir həyata keçirilməyib. Əksinə bazarın daxili yolları genişləndirilmiş, yeni yollar açılmış və dayanacaqlar quraşdırılmışdır.

Bir neçə kəndin sakinlərinin Masallı rayon İcra hakimiyyətində yığışması barədə yazılanlar da həqiqətə uyğun deyil və belə bir hadisə baş verməmişdir. Vətəndaşların qəbuluna hər zaman ciddi yanaşılır və onların problemlərinə həssaslıqla baxılır. Hər həftənin çərşənbə günü ərazilərdə, cümə günü isə rayon icra hakimiyyətində RİH başçısının vətəndaşları qəbulu təşkil olunur. Bundan əlavə digər vaxtlarda da vətəndaşlar qəbul olunurlar. Son olaraq Qarğalıq ərazisində RİH başçısının vətəndaşlarla görüşü təşkil olunmuşdur.

Həmçinin onu da qeyd etmək istəyirik ki, adları çəkilən kəndlərdə hal-hazırda əhalinin sosial problemlərinin həlli istiqamətində ciddi tədbirlər həyata keçirilir. Belə ki, bu kəndlərə yeni qaz xətlərinin çəkilməsi işləri başa çatmaq üzrədir və qısa müddət ərzində 2,5 km Eminli-Qarğalıq yolu əsaslı təmir olunaraq istifadəyə verilib. Həmçinin yeni içməli su xəttinin çəkilməsi və Qarğalıq kəndində həkim məntəqəsinin tikilməsi məqsədilə layihələndirmə işləri başa çatmaq üzrədir.

Bütün Respublikamızda olduğu kimi rayonumuzda bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik, əmin-amanlıq, həyata keçirilən möhtəşəm layihələr insanların həyat şəraitinin yüksəlməsinə səbəb olmaqla bərabər gələcəkdə daha da firavan yaşamasına təminat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə