"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq əsas məqsədimizdir" MÜSAHİBƏ

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq əsas məqsədimizdir" MÜSAHİBƏ

Azərbaycan Neft və Qaz sənayesi işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi Gənclər Şurasının sədri Toğrul Əliyevin SİA-ya müsahibəsi:

- Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi gənclərə hansı uğurları qazandırır?

- Hər bir ölkədə dövlətçiliyin möhkəmləndirilməsi gənclərin cəmiyyətin bütün sferalarında fəal iştirakına və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncliyi bu gün cəmiyyətin ictimai- siyasi, sosial, mədəni sahələrində fəal iştirak edirlər və öz layiqli yerlərini tuturlar. Ümumiyyətlə, cənab Prezident gənclərə malik olduqları potensial və qabiliyyət müqabilində geniş imkan və şərait yaradılmasının tərəfdarıdır. Son dövrlərə nəzər salsaq görərik ki, istər dövlət orqanlarında, istərsə də seçkili orqanlarda gənclərin üstünlük təşkil etməsi, ildən- ilə bu sayın artması, gənclər təşkilatları, ictimai birliklərinin Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsini və fəal iştirakını aydın görürük.

- Neft sektorunda çalışan gənclər İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasını necə həyata keçirirlər?

- Bu dövlət proqramının hazırlanmasında bir çox Gənclər təşkilatı və İctimai Birliklər, eləcə də Həmkarlar İttifaqı Konfederasiyası və rəhbərlik etdiyim qurum öz təkliflərini irəli sürmüşdü. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycan hökumətinin yürütdüyü siyasətin prioritetini enerji resurslarının satışından əldə olunan gəlirlərin insan kapitalına, yəni intellektual kapitalın inkişafına istiqamətləndirilməsi təşkil edir. Bu sahədə dövlət proqramında nəzərdə tutulan bütün bəndlər neft-qaz sənayesi sahəsində çalışan gənclərə də şamil edilib. Bir məsələni qeyd edim ki, Dövlət Neft şirkətinin 2006-cı ildən bu günə qədər keçirdiyi xaricdə təhsil üzrə Dövlət Neft Şirkətinin təqaüd proqramı var ki, bu günə qədər 172 nəfər məzun və tələbə bu dövlət proqramından faydalanıb. Burada məqsəd neft sənayesinin inkişafı üçün lazım olan kadrların hazırlanması, vətənə döndükdən sonra işlə təmin olunmasıdır. Bununla da Azərbaycanın gələcəkdə də dünyanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətindəki aparıcı rolunu daha da inkişaf etdirəcəyik.

- Xarici ölkələrdə neftçi gənclərimiz çalışır. Ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində gənclərin potensialından və biliklərindən yetərincə istifadə olunurmu?

- Gənclər üçün yaradılan bütün imkanların müqabilində yalnız bir şey tələb olunur ki, o da etimadı doğrultmaq. Xaricdə təhsil alan tələbələrdən gözlədiyimiz isə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə layiqincə çatdıra bilsinlər. Təhsil Nazirliyinin təhsil proqramı ilə xaricdə təhsil alan gənclərimizlə yanaşı, Dövlət Neft şirkətinin təqaüd proqramı vasitəsi ilə oxuyan gənclərimiz Azərbaycanın ictimai-siyasi fəaliyyətində də bacardıqları qədər fəal olmağa çalışırlar. Əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyana çatdırılması onların əsas məqsədidir. Bu sahədə Dövlət Neft şirkətinin rəhbərliyi də onlara daim diqqət və qayğı göstərir.

- Neftçi gənclərin sosial- iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində nə kimi tədbirlər həyata keçirilir?

- Dövlət Neft şirkəti Azərbaycan iqtisadiyyatında bütünlükdə aparıcı rola malikdir. Şirkətin rəhbərliyi bu gün tək gənclərin deyil, eləcə də bütün işçilərinin sosial qayğısına qalır. Əmək haqqı cari ilin əvvələrində 32-42-52 % artırıldı. Gənclərin işlə təmin olunması, onların dövlət müəssisələrində vəzifələrin verilməsi, gənc neftçilərin mənzil və məişət, sosial rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə