Korrupsiyaya qarşı hansı planlar nəzərdə tutulub?

Korrupsiyaya qarşı hansı planlar nəzərdə tutulub?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Açıq Hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının ictimai müzakirəsi keçirilib. Tədbirdə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi Vüsal Hüseynov, QHT nümayəndələri iştirak edib.

Millət vəkili Azay Quliyev çıxışında Açıq Hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının ictimai müzakirəsinin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib. Milli Fəaliyyət Planlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2012-ci ildə imzaladığı sərəncama uyğun həyata keçiriləcəyini bildirib.

İnam Kərimov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri – "ASAN-Xidmət" Mərkəzləri haqqında tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, agentlik öz işində korrupsiya hallarının yaranmasının qarşısını almaq məqsədilə səy göstərir: ""ASAN-Xidmət" Mərkəzlərinin əsas fəaliyyət prinsipi şəffaflıq və vətəndaş məmnunluğudur. Biz bunun üçün çalışırıq. Artıq vətəndaşlar hansısa məsələnin həllində ayrı-ayrı dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmayacaqlar. Vətəndaşlar bu mərkəzlərə müraciət edərək asan bir şəkildə məsələnin həllinə nail olacaqlar".

Daha sonra Vüsal Hüseynov tədbirin mahiyyətindən danışıb. O bildirib ki, konfrans Azərbaycanın gələcək inkişafına şərait yaradan amillərdən biridir: "2012-ci ildə cənab prezident tərəfindən imzalanmış sərəncam 2007-ci ildə imzalanmış sərəncamdan inkişafına və bir çox problemlərin həllini nəzərdə tutduğuna görə fərqlənir. Bu proqramda həyata keçiriləcək tədbirlər sayəsində vətəndaşlar artıq dövlət orqanlarına getmədən elektron müraciət əsasında suallarına cavab tapa biləcəklər".

Daha sonra tədbir QHT nümayəndələrini maraqlandıran sualların müzakirəsilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə