"Media ölkə sənayesinin tərkib hissəsinə çevrilməlidir"

Əflatun Amaşov: "Əhalinin 30%-i onlayn mediaya üstünlük verir"
"Media ölkə sənayesinin tərkib hissəsinə çevrilməlidir"

"Azərbaycanda əhalinin 60 %-i internet istifadəçisidir. "Facebook"dan istifadə edənlərin sayı təxminən 1 milyona yaxındır. 27 min bloq var. Təqribən 50-70 min insan informasiyanı məhz onlar vasitəsilə əldə edir. Ümumən informasiya əldə edilməsinə gəldikdə isə, əhalinin 30%-i onlayn mediaya, 20%-i qəzetlərə, yerdə qalan hissəsi isə TV və radiolara üstünlük verir". Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Ə.Amaşov "Azərbaycanda media azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar" mövzusundakı məruzəsində bildirib ki, Azərbaycanda son illər medianın inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Amma bu sahədə kifayət qədər problemlər də qalmaqdadır. Həmin çətinliklərin kökü iqtisadi məsələlərə söykənir. Medianın iqtisadi cəhətdən özünü təmin edə bilməməsi onun azadlığı ilə bağlı da müəyyən şübhələr yaradır: "Mövcud durum məsələyə daha fundamental yanaşmanı tələb edir. İlk növbədə kütləvi informasiya vasitələri ölkə sənayesinin tərkib hissəsinə çevrilməlidir. Bunun üçün kompleks işlər görülməlidir.

Bu xüsusda jurnalistlərin sosial təminatlarının yaxşılaşdırılmasına diqqət yetirilməli, onların işlək həmkarlar ittifaqları formalaşdırılmalı, əmək münasibətlərinin tənzimlənməsi daha mütəşəkkil forma almalıdır. Belə olan halda, biz jurnalistlərin hüquqlarının qorunmasından daha rahat şəkildə söhbət aça bilərik" - deyən Ə.Amaşov bütün bunların redaktorların Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü zamanı da səsləndirildiyini və onların qruplaşdırılaraq dövlət rəhbərliyinə təqdim olunduğunu vurğulayıb.

Diffamasiya təşəbbüsləri ilə bağlı məsələyə də toxunan şura sədri rəhbərlik etdiyi qurumun mövcud istiqamətdəki fəaliyyəti barədə xatırlatma verib. O, MŞ-nin hazırladığı qanun layihəsindən söhbət açıb. Ə.Amaşov, həmçinin, qanunun tezliklə qəbul ediləcəyinə ümidvar olduğunu da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə