“Sport favorit” qəzeti yeni layihənin icrasına başlayıb

“Sport favorit” qəzeti yeni layihənin icrasına başlayıb

Zərdabi Mətbuat Mərkəzi və "Sport favorit" qəzeti yeni layihənin icrasına başlayıb

"Zərdabi Mətbuat Mərkəzi "Sport favorit" qəzeti ilə birgə "İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsinin icrasına başlayıb. Tərəfdaşımız da jurnalist təşkilatımız kimi Azərbaycanın Mətbuat Şurasının üzvüdür, ixtisaslaşdığı sahə idmandır. Lakin bu sayaq KİV-ləri digər layihələrimiz əhatə edəcək. Indi müşahidə, araşdırma, təhlil və dəyərləndirmə obyektləri mövzu sahəsi daha geniş trayektoriyanı əhatə edən qəzetlər və informasiya agentlikləridir. Konkret desək, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələridir. Son aylar apardığımız monitorinqlər, özünü biruzə verən tendensiyalar və digər amillər bunun zəruriliyini, media və jurnalistlərimizlə yanaşı geniş oxucu, izləyici auditoriyasının mənafeləri ilə uzlaşdığını aşkarlayıb. Ona görə də sentyabrdan layihəyə start verilib". ZMM sədri Rəhim Hüseynzadə KİV-lər üçün açıqlanmasında yeni layihənin reallaşdırılmasını şərtləndirən cəhətlərə aydınlıq gətirib.

O əlavə edib ki, idman mövzusuna bütün aparıcı, müntəzəm yayımlanan KİV-lərimiz yer ayırır. İlk baxışda mövzunun işıqlandırılması vəziyyəti qənaətbəxş təsiri bağışlayır. Doğrudur, məsələyə yanaşmada ixtisaslaşmış idman KİV-lərinin də problemləri mövcuddur. Lakin Zərdabi Mətbuat Mərkəzinin ölkənin 25 qəzet və 9 informasiya agentliyində apardığı monitorinqlər onlarda daha çox həllini gözləyən problemin olduğunu aşkarlayıb. Bunlar hansılardır? Futbol və bəzi olimpiya oyunları istisna edilməklə əksər idman növləri medianın demək olar ki, diqqətindən kənarda qalır. Qəzetlərdə gedən materialların böyük qismi xəbər portallarından götürülür. Mövzular əsasən xarici ölkələrin idman həyatı ilə bağlı olur. Təbliğedici, təşviqedici məqalələrə nadir hallarda rast gəlinir. Problemlərə və onların həlli yollarına demək olar ki, toxunulmur. Arzulanan təşəbbüskarlığın, yaradıcı mühitin nəzərə çarpmamasını, termin, dil, üslub xətalarını da bura daxil etmək mümkündür.

R.Hüseynzadə bildirib ki, layihə sadalanan problemlərin həllinə dəstək məqsədi daşıyır. Bunun üçün aşağıdakı tədbirlərin reallaşdırılması nəzərdə tutulur: monitorinqlərin keçirilməsi; sahədən yazan jurnalistərin treninqlərə cəlb olunması; "dəyirmi masa"ların təşkili; müsabiqələr vasitəsilə idman mövzusunun fəal və peşəkarlıqla işıqlandıran KİV-lərin, jurnalistlərin mükafatlandırılması.

ZMM sədri bu il sentyabrın 1-dən başlayan layihənin iki mərhələli olacağını deyib. Birinci mərhələ dörd ayı əhatə edəcək və idman ilinə həsr olunacaq. Digərinə mayın 10-dək yekun vurulacaq. Bu mərhələ ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr ediləcək. Layihə, müsabiqələr və onların şərtləri barədə oktyabrın əvvəllərində keçiriləcək "dəyirmi masa"da daha ətraflı məlumat veriləcək, KİV-lərdə elanlar gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə