Prezident qubernatoru qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Sergey Bojenovu Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib, ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektlərinin, o cümlədən Volqoqrad vilayətinin əlaqələrinin bu münasibətlərin inkişafındakı rolunu qeyd edib.

Dövlət başçısı Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun Azərbaycana səfərinin ölkəmizlə Rusiya Federasiyasının bu vilayəti arasında fəal qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Həştərxan vilayətinin qubernatoru olduğu illəri məmnunluqla xatırlayan Sergey Bojenov Həştərxanın inkişafına verdiyi töhfəyə görə prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Həştərxanda məktəbin, parkın, ulu öndər Heydər Əliyevin abidəsinin və körpünün inşasını əlaqələrimizin konkret nümunəsi kimi qiymətləndirən qonaq bunun uzun illər əməkdaşlığımızın və dostluğumuzun möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb.

Azərbaycan ilə Volqoqrad arasında əməkdaşlığa toxunan Sergey Bojenov vaxtilə ulu öndər Heydər Əliyevin Volqoqrada gəlişinin vilayətin əhalisi tərəfindən bu günədək böyük hörmətlə xatırlandığını deyib. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayevin Volqoqradın alman faşizmindən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın da böyük hörmətlə yad edildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə