Məcburi köçkünlər köçürülür

Məcburi köçkünlər köçürülür

Gəncədə məskunlaşan məcburi köçkünlər 2013-cü ildə köçürüləcək

Qış aylarında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün artıq lazımı tədbirlərin icrasına başlanılıb. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Gəncə şəhər nümayəndəsi Süleyman Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu istiqamətdə nəzərdə tutulan tədbirlər hər il olduğu kimi bu il də aparılmaqdadır. Onun sözlərinə görə, bəzi binalar təbii qazla təmin edilib, digər yataqxanalarda məskunlaşan şəxslərə isə neft yanacağı verilib. Ümumilikdə aparılan əsaslı və təmir işlərinə baxmayaraq sözügedən binalarda vəziyyət bir o qədərdə yaxşı deyil.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Dövlət Proqramı təsdiqlənib. Sözügedən Dövlət Proqramına uyğun olaraq Gəncə şəhərində məskunlaşan məcburi köçkün ailələrinin bir qismi şəhərin kənarında yeni salınan qəsəbələrə, digərləri isə Göygöl rayonunda hazırlanacaq yaşayış massivlərində yerləşdiriləcək. Tikintisi nəzərdə tutulan qəsəbələr ən müasir standartlar çərçivəsində inşa ediləcək. Qeyd edək ki, köçürülmə prosesi 2013-cü ildən başlanılacaq. Məlumat üçün bildirək ki, hazırda ölkənin ikinci böyük şəhərində 16 mindən artıq məcburi köçkün ailəsi 50-ə yaxın yataqxanalarda məskunlaşdırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə