Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA ətraf mühitin mühafizəsi üzrə kampaniya növbəti ölkəmiqyası ekoloji maarifləndirmə layihəsinə start verir. SİA-nın xəbərinə görə, bu gün IDEA Beynəlxalq Kampaniyası tərəfindən həyata keçirilən layihə üçün xüsusi hazırlanmış "yaşıl avtobus"ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi keçirilib. Layihə ərzində Azərbaycanın müxtəlif bölgələrinin və şəhərlərinin orta məktəb şagirdləri üçün maarifləndirici seminarlarda çalışacaq "yaşıl təlimçilər" məhz "yaşıl avtobus"lar vasitəsilə regionlara çatdırılacaqlar.
İDEA kampaniyasının PR mütəxəssisi Lalə Nəbiyeva deyib ki, bu layihə çərçivəsində respublikanın 20-ə yaxın regionunda ekoloji təlimlərin keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu layihə hər şəhərdəki 2 məktəbdə keçiriləcək: "Təxminən 4 mindən artıq şagird bu layihədə iştirak edəcək. Layihənin keçirilməsində əsas məqsəd isə şagirdlərdə yaşıl düşüncəni formalaşdırmaqdan ibarətdir. Regionlarda uşaqlar informasiya qıtlığı ilə üz-üzə gəlirlər. Bu informasiya qıtlığını aradan qaldırmaq üçün bu layihə keçirilir. Növbəti 5 həftə ərzində komandalar respublikanın digər regionlarına da səfər edəcəklər".
Layihədə iştirak edən təlimçilərin bunun şagirdlərin məlumatlandırılması cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini deyiblər. Belə ki, layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin IDEA kampaniyasının regionlarda "yaşıl könüllülər" komandasını inkişaf etdirməkdir. Layihə çərçivəsində təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaq könüllülər iştirak edəcək. Ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq.
Xatırladaq ki, IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. Hazırda IDEA Beynəlxalq Kampaniyası Moskva və Vilnus şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Ən yaxın zamanda IDEA İstanbulda nümayəndəliyini açmağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB