“Yaşıl Azərbaycan naminə”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülən IDEA ətraf mühitin mühafizəsi üzrə kampaniya növbəti ölkəmiqyaslı ekoloji maarifləndirmə layihəsinə start verir. Belə ki, bu gün IDEA Beynəlxalq Kampaniyası tərəfindən həyata keçirilən layihə üçün xüsusi hazırlanmış "yaşıl avtobus"ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi keçiriləcək. Layihə ərzində Azərbaycanın müxtəlif bölgələrinin və şəhərlərinin orta məktəb şagirdləri üçün maarifləndirici seminarlarda çalışacaq "yaşıl təlimçilər" məhz "yaşıl avtobus"lar vasitəsilə regionlara çatdırılacaqlar.

Layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində onların təbiətə dost olaraq yanaşmalarını təmin etmək və həmçinin IDEA kampaniyasının regionlarda dayanaqlı olaraq ətraf mühit sahəsində "yaşıl könüllülər" komandasını inkişaf etdirməkdir. Layihə çərçivəsində təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaq könüllülər iştirak edəcək.

Qeyd edək ki, ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq.

Məlumat üçün bildirək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. Hazırda IDEA Beynəlxalq Kampaniyası Moskva və Vilnus şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Ən yaxın zamanda IDEA İstanbulda nümayəndəliyini açmağı planlaşdırır.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə