"Azadlıq" qəzetinin 20 sentyabr 2012-ci il tarixli sayında "Polis rəisi qardaşının qisasını alır" sərlövhəli yazıda Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Zahid Fərhadovun son parlament seçkilərində AXCP-nin namizədini dəstəklədiyinə görə, guya hüquq-mühafizə orqanları tərəfindən incidilməsi, hüquqlarının pozulması barədə qeydlər dərc edilib. Daxili İşlər Nazirliyndən SİA-ya verilən məlumata əsasən, məqalədə yazılanlar həqiqətdən uzaq, qeyri-obyektiv və qərəzlidir: "Zahid Fərhadovun cari il avqustun 30-da qohumunun toy mərasiminə hazırlıqdan sonra guya heç bir izahat verilmədən Cəbrayıl RPŞ-yə aparılması barədə dedikləri ictimai rəyi çaşdırmaqdan, törətdiyi konkret hüquqpozmaya görə məsuliyyəti öz üzərindən atmaqdan və məsələyə siyasi don geyindirməkdən başqa bir şey deyil. Əslində Polis Şöbəsinə aparılmasının əsl səbəbi onun özünə və "toy mərasiminə hazırlaşan" digər iki şəxsə yaxşı məlumdur. Məhz buna görə də Z.Fərhadov prosesi qabaqlayaraq qanunsuz əməllərini siyasiləşdirməyə cəhd göstərir.
Fakt isə ondan ibarətdir ki, avqustun 30-da gecə saat 02.00 radələrində Zahid Fərhadov Biləsuvar ərazisində Cəbrayıl rayonundan olan qaçqın və köçkün soydaşlarımız üçün salınmış 6 saylı qəsəbədə Elşad adlı şəxsin həyətində qurulmuş toy mağarında Mübariz Mahmudov və Seymur Qardaşxanov adlı başqa iki şəxs ilə pulla qumar oynadıqları üçün Cəbrayıl rayon Polis Şöbəsinə gətirilib. Şöbədə faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunub, toplanmış material baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmə də adları çəkilən şəxslərin hər birinə 500 manat məbləğində cərimə kəsib. Z.Fərhadovu qıcıqlandıran və polis rəisinə, digər əməkdaşlara böhtan atmağa və onları şantaj etməyə vadar edən əsas səbəb də məhz bu olub. Şəxsiyyət vəsiqəsinin polis tərəfindən alınaraq bu günədək qaytarılmamasına dair onun iddiaları isə özünü ictimaiyyətə az qala ictimai xadim kimi sırımağa cəhd edən, reputasiyasının guya polis tərəfindən zədələndiyini iddia edən, əslində isə polisin işgüzar imicini və yüksək nüfuzunu ləkələməyə çalışan bu şəxsin hüquq barədə də elementar anlayışın yoxluğunun göstəricisidir. Əgər belə olmasaydı, onda o, belə gülünc iddialar irəli sürməz, şəxsiyyət vəsiqəsinin polis tərəfindən toplanmış materiallarla birgə rayon məhkəməsinə göndərildiyini bilərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB