Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Din və ictimai fikir tarixi" şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova "Avropa Nəşr Mətbu Evi"nin "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" üçün təsis edilən "Qızıl medal"ı ilə təltif olunub. SİA-nın məlumatına görə, medal və müvafiq diplom alimə Şərqşünaslıq İnstitutunda keçirilən tədbirdə təqdim edildi. Esmeralda Həsənova bu mükafatla milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, çoxsaylı dəyərli elmi araşdırmalarına, ölkədə dini islahatların həyata keçirilməsində, müasir dinşünaslığın aktual problemlərinin araşdırılmasında olan yaradıcı elmi təkliflərinə, torpağına -Vətənə sonsuz sevgisinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycanda dinşünaslığın tarixində göstərdiyi xidmətlərə görə təltif olunub.
Mükafatın təqdimat mərasimində çıxış edən "Avropa Nəşr Mətbu Evi"nin baş direktoru Şöhrət Səlimbəyli Esmeralda Həsənovanın Azərbaycan şərqşünaslığında, türkologiya və dinşünaslıq sahələrində böyük xidmətlərindən söz açdı. Ş.Səlimbəyli çıxışından sonra "Qızıl medal"ı və müvafiq diplomu E.Həsənovaya təqdim edib.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva Esmeralda Həsənovanın elmi fəaliyyətində çox aktual məsələləri tədqiq etdiyini, alimin elmimizin yeni nəsli üçün əsl örnək olduğunu söyləib. G.Baxşəliyeva E.Həsənovanın tədqiqatlarının bütün respublikanın ziyalılarında böyük maraq oyatdığını qeyd edib.
Daha sonra "Avropa Nəşr Mətbu Evi"nin nümayəndələri Nüsrət Abdulov, Sahilə Mirzəqızı, eləcə də Şərqşünaslıq İnstitutunun əməkdaşları Əkrəm Rəhimli, Əmmar Abbasov çıxış edərək, Esmeralda Həsənova barəsində ürək sözlərini çatdırdılar.
Sonda Esmeralda Həsənova çıxış edərək, bu yüksək mükafata görə "Avropa Nəşr Mətbu Evi"nin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB