"İRƏLİ" yeni layihələrə start verir

"İRƏLİ" yeni layihələrə start verir

Dərs ilinin başlanılması ilə "İRƏLİ" İctimai Birliyi yeni layihələrə start verir. Qurumdan SİA-ya verilən məlumata görə, bu layihələrin bir çoxu "İRƏLİ" daxilində fəaliyyət göstərən mərkəz və klublar tərəfindən həyata keçiriləcək. "İRƏLİ" Xarici Dillər Mərkəzinin yeni təyin olunmuş rəhbəri Eltən Rəsulova bildirib ki, sentyabr ayından etibarən gənclər üçün alman, yunan və yapon dillərinin tədrisinə başlayacaqlar. Kurslar bütün gənclər üçün və tamamilə təmənnasız olaraq həyata keçiriləcək: "Kurslarda dərs deyəcək müəllimlər İrəlinin üzvü olan gənclərdir. Biz gəncdən-gəncə prinsipinin tərəfdarıyıq. Gənclər öz həmyaşıdları tərəfindən paylaşılan məlumatları daha rahat qəbul edirlər. Mərkəzimizə həm bilik almaq, həm də biliklərini paylaşmaq istəyən gənclər üzv ola bilər".

E.Rəsulova bildirib ki, mərkəzin fəaliyyəti yalnız dil kursları ilə bitməyəcək: "Biz hal-hazırda 3 dil tədrisinə başlayırıq. Yaxın gələcəkdə onların sayı daha da artacaq. Bundan başqa conversation klub, movie night, ölkəmizdə təhsil alan xarici tələbələrlə görüşlər, səfirliklərlə müxtəlif layihələr planlaşdırırıq".

"İRƏLİ" Xarici Dillər Mərkəzi 2008-ci ildə yaradılıb və fəaliyyətinin əsas məqsədi gənclərin xarici dil biliklərinin artırılmasıdır.

Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi daxilində 22 mərkəz və klub fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə