Blatter işimizi bəyəndi

Xəbər veridiyi kimi, sabah Azərbaycanda futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatı start götürəcək. Siasport.az idman portalının verdiyi məlumata görə, bu gün Bakıdakı "Four Seasons" mehmanxanasında çempionatla bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə FİFA-nın prezidenti Jozef Blatter dünya çempionatının təşkilini yüksək səviyyədə qiymətləndirib, Azərbaycanın artıq bir idman ölkəsinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, FİFA digər mötəbər yarışların növbəti illərdə də Bakıda təşkil edilməsini planlaşdırır. Çox sevindirici haldır ki, keçiriləcək çempionatın təşkilini Azərbaycan Prezidenti İlham Əliyev şəxsən özü dəstəkləyir. Bu da Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. FİFA-nın prezidenti yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına öz təşəkkürünü bildirib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev beynəlxalq futbol qurumuna mundialın Azərbaycanda keçirilməsinə şərait yaratdığı üçün öz minnətdarlığını bildirib. R.Abdullayev ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlər barədə danışmış və komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin oyunları sentyabrın 22-dən oktybarın 13-dək Bakı və Lənkərandakı stadionlarda keçiriləcək. Yarışda dünyanın ən güclü 16 komandası birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə qarşılaşacaq. Millimiz ilk oyununu çempionatın açılış günü – sentyabrın 22-də Kolumbiya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə