“İqtisadi futbol” layihəsini həyata keçirilir

“İqtisadi futbol” layihəsini həyata keçirilir

VISA, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə "İqtisadi futbol" layihəsini həyata keçirir

VISA, FİFA-nın rəsmi sponsoru olaraq Azərbaycanda "İqtisadi futbol" adlı yeni öyrədici interaktiv oyunu istifadəyə verib. "İqtisadi futbol" oyunu gənclərin maliyyə savadlılığının artırılması istiqamətində VISA-nın qlobal təşəbbüsünün tərkib hissəsidir. Bu dinamik və heyrətamiz oyun maliyyə biliklərini artırır, məsuliyyətli və şüurlu büdcə yığımını öyrədir və vergilərin ödənilməsinin əhəmiyyətini və qaydalarını izah edir. Layihə Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə həyata keçirilir. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, "İqtisadi futbol" oyunu, dünyanın ən məşhur idman növü olan futbolu VISA-nın maliyyə savadlılığı sahəsində ən son texnologiyaları ilə əlaqələndirir.

Təqdim olunan oyun, oyunçuların pulun idarə olunması sahəsində biliklərini müəyyən etməyə imkan verir. Oyun iştirakçıları təqdim olunan bir neçə variant arasından düzgün olanını seçərək sualları cavablandırır və FİFA Dünya Çempionatının virtual meydançasında istənilən futbol komandası ilə oynaya bilir. VISA-nın FİFA ilə tərəfdaşlığı sayəsində bu oyun sadəcə bir neçə il ərzində bütün dünyada populyarlıq qazanmış və Rusiya, Ukrayna və Belarusiya kimi qonşu dövlətlər də daxil olmaqla 20-dən artıq ölkədə həyata keçirilmişdir.

"Biz müəyyən etdik ki, maliyyə sahəsində savadlı cəmiyyət ölkənin sosial və iqtisadi inkişafının əsasıdır. VISA, nağdsız ödənişlər sahəsində bir lider kimi, 10 ildən artıqdır ki, bütün dünyada insanların öz maliyyələrini daha yaxşı idarə etməsi və nəticə etibarilə həyat standartlarını artırması üçün onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində maliyyə savadlılığı proqramları hazırlamaqdadır. Azərbaycan MDB ölkələri arasında VISA-nın ən əsas bazarlarından biridir və biz partnyorlarımız olan Azərbaycan Mərkəzi Bankı və Vergilər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu qurumların dəstəyi sayəsində bu gün Azərbaycanda VISA-nın ilk maliyyə təhsili layihəsi – "İqtisadi futbol"-u təqdim etməyə nail olmuşuq."- deyə Visa şirkətinin MDB və Cənub Şərqi Avropa üzrə başdirektoru Jean-Marc Tonti bildirib.

"Ölkə əhalisinin maliyyə savadlılığının artırılması Azərbaycan Respublikası Mərkəzi Bankının əsas prioritetlərindən biridir. Biz, maliyyə məhsulları haqqında məlumatlılığı artırmaq, iqtisadi təhsili olmayan yetkin yaşlı insanların öz büdcələrini planlaşdırmalarına yardım etmək, bankçılıq və maliyyənin əsaslarını məktəb şagirdlərinə və tələbələrə öyrətmək, iqtisadiyyat və maliyyə haqqında xəbərləri düzgün və professional səviyyədə paylaşmaları üçün KİV nümayəndələrinə təlimlər keçmək məqsədilə böyük miqdarda maliyyə və intellektual resurslar ayıraraq müxtəlif layihələr həyata keçiririk. VISA şirkəti ilə birgə həyata keçirilən bu layihə də belə layihələrin tərkib hissəsidir və biz ümid edirik ki, bu layihə şagirdlər və tələbələr, oğlanlar və qızlar, həmçinin yetkin yaşlı nəsil arasında böyük marağa səbəb olacaqdır." deyə Mərkəzi Bankın İnkişaf departamentinin direktor müavini Natəvan xanım Məmmədova bildirib.

"Vergilər Nazirliyinin qarşısında duran vəzifələrdən biri də informasiya texnologoyalarından istifadə etməklə əhali arasında vergi biliklərini artırmaqdır ki, VİSA şirkəti ilə birgə həyata keçirilən "İqtisadi futbol" layihəsinin məqsədi də oyun janrında əhaliyə, əsasən gənc nəslə iqtisadi biliklər, o cümlədən vergilər barədə bilikləri təqdim etməkdir.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Departamentinin Direktoru Elçin Məmmədov isə bildirib ki, Vergilər Nazirliyi tərəfindən vergilərin tədrisi ilə əlaqədar şagird və tələbələr üçün bir neçə dərslik nəşr edilmiş, ümumtəhsil məktəblərində vergiləri tədris etmək üçün 50-dən çox metodiki kabinet təşkil edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetində "Vergi və vergiqoyma" kafedrası yaradılmışdır. Hər il "Vergilər uşaqların gözü ilə" uşaq rəsm müsabiqəsi, orta və ali təhsil müəssisələrində vergilərə aid bilik yarışları keçirilir.

"Əminəm ki, "İqtisadi futbol" bu tipli tədbirlər sırasında öz layiqli yerini tutacaq, gənclərimizin böyük marağına səbəb olacaq və onlar arasında vergi mədəniyyətinin artırılmasına kömək edəcək "- deyə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət Departamentinin Direktoru Elçin Məmmədov vurğulayıb.

Qeyd edək ki, "İqtisadi futbol" yeniyetmələrə, orta məktəb şagirdlərinə və yetkin yaşlı insanlara istiqamətlənmiş üç çətin mərhələdən ibarətdir. Suallar və mövzular yığım və büdcə, vergilər, kredit və digər bank xidmətlərindən səmərəli istifadə olunmasını əhatə edir. Oyun həmçinin özü-özünə öyrənmə variantını da təklif edir. 4 təlim modulunu bitirdikdən sonra oyunçular yığım və büdcənin əsaslarını, vergilərin nə üçün ödənildiyini, etibarlı borcalan olmağın nə demək olduğunu və ödəniş kartını necə seçməyi öyrənirlər. Oyunçuların biliyini qiymətləndirmək məqsədilə hər bir modula testlər və çalışmalar daxildir. "İqtisadi futbol"-un Azərbaycan və rus dilində versiyaları mövcuddur. "İqtisadi futbol" oyunu Azərbaycanda əhali arasında maliyyə savadlılığının artırılması məqsədilə yaradılıb. Tezliklə oyunu onlayn şəkildə Azərbaycan və rus dillərində oynamaq mümkün olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə