Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Bakıda keçirdiyi "Neft, Qaz və Media" konfransı öz işinə yekun vurub.
SİA-nın xəbərinə görə, konfrans ikinci günündə BMİ-nin icraçı direktoru Alison Betel Makkenzinin moderatorluğu ilə "Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam?" adlı sessiya müzakirə olunub. Sessiyada "New Vision"un jurnalisti Co Nem, "Financial Times"ın reportyoru Tom Burgis, Ukraynanın "Nida işarəsi" televiziyasının aparıcısı Artyom Şevçenko və "Azərpress" (Azərbaycan) agentliyinin baş redaktoru Aidə Sultanova məruzə ediblər.
"Bakı: qara qızıl paytaxtı" adlı sessiyaya isə "Azad Azərbaycan International" televiziya kanalının rəhbəri Azər Xəlilov moderatorluq edib. Sessiyada Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Mikayıl Cabbarov müzakirə aparıb, konfrans iştirakçılarının suallarını cavablandırıblar.
Keçirilən sessiyalarda Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.
Xatırladaq ki, başa çatan konfransda Azərbaycan jurnalistlərilə yanaşı dünyanın 27 ölkəsindən 200-dən çox media nümayəndəsi iştirak edib. Məlumat üçün bildirək ki, konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB