"YAP beynəlxalq aləmdə böyük uğurlar əldə edib" MÜSAHİBƏ

"YAP beynəlxalq aləmdə böyük uğurlar əldə edib" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyevin SİA-ya müsahibəsi:

- Qarşıdan Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi gəlir. 20 illik tarixi dönəmdə YAP hansı uğur və nailiyyətlərlə yubileyini qeyd edir?

- İlk olaraq onu qeyd edim ki, Yeni Azərbaycan Partiyası (YAP) 20 ildə formalaşmış və dünyanın siyasi cəmiyyətinə daxil olmuş bir partiyadır. 1995-ci ildə parlament seçkilərindən sonra YAP Milli Məclisdə çoxluq təşkil etdi. Bu gün Azərbaycanın ümumi daxili məhsulu 65, büdcəsi 25, hərbi xərcləri isə 3.5 milyard ABŞ dollarına bərabərdir. Demək olar ki, son 7-8 ildə büdcəmiz 10 dəfə artıb. Hesab edirəm ki, YAP bu rəqəmlə fəxr edə bilər. Çünki hakimiyyətdə olan partiyanın rəhbəri, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan regionda aparıcı bir dövlətə çevrilib. Eyni zamanda, Azərbaycan inkişafda olan ölkə olsa da bəzi göstəricilərə görə hətta ən çox inkişaf edən ölkələri belə ötüb. Ümumiyyətlə, bu gün müasir dövlət dedikdə sözsüz ki, demokratiya, insan hüquqları və bu ölkədə informasiya texnologiyalarının istifadəsinin hansı səviyyədə olması nəzərdə tutulur. İnformasiya texnologiyalarının inkişafına görə, Azərbaycan bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Deməli biz artıq müasir bir dövlət qururuq. Cənab prezidentin irəli sürdüyü tezis - "məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir" fikri öz təsdiqini tapır.

- YAP xarici ölkələrin bir sıra partiyaları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq hansı səviyyədə inkişaf edir?

- YAP-ın əlaqələri çox genişdir. Asiya Siyasi Partiyaları beynəlxalq təşkilatına təxminən 330-dan çox Asiyada fəaliyyət göstərən siyasi partiyalar daxildir. Bu qurumu 18 partiyadan ibarət olan daimi komitə idarə edir. YAP da 18 siyasi partiyanın içərisindədir. Bu da artıq onu təsdiq edir ki, YAP beynəlxalq aləmdə böyük uğurlar əldə edib. YAP Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq edir. Onlar bizim bir neçə tədbirimizdə iştirak ediblər. Bununla yanaşı, bir neçə dəfə YAP-ın nümayəndələrini Brüsselə dəvət ediblər. Biz də onların keçirdikləri tədbirlərdə çox fəal iştirak etmişik. Eyni zamanda, YAP mütəmadi olaraq gənclər üçün yay məktəbləri keçirir. Hətta onu da qeyd edim ki, bu yay məktəblərində müxtəlif ölkələrdən nümayəndələr də iştirak edib. Bu da bir daha sübut edir ki, YAP həm Avropada, həm də Asiyada böyük nüfuzu olan siyasi partiyadır.

- Yubiley ərəfəsində xüsusi konfransların keçirilməsi nəzərdə tutulurmu?

- 21-24 noyabrda YAP-ın təşkilatçılığı ilə Azərbaycanda Asiya Siyasi Partiyalarının beynəlxalq konfransının VII baş assambleyası keçiriləcək. Tədbirdə təxminən 450-500 iş adamın iştirakı nəzərdə tutulur. Sözsüz ki, Azərbaycana bu qədər müxtəlif insanların gəlməsi, bir daha YAP-ın yüksək nüfuzunu təsdiq etmiş olur. YAP yeni təkliflə çıxış etdi ki, biz baş assambleyanı Azərbaycanda keçirə bilərik. Bu da birmənalı olaraq dəstəkləndi. Bu da onu təsdiq edir ki, artıq YAP Azərbaycanda formalaşmış bir partiyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə