Evlər çökür ARAŞDIRMA

Masazır qəsəbəsi Nazim Əsədov küçəsi ev 12 ünvanında yaşayan Cəlil İbrahimovun evi qəzalı vəziyyətdədir. SİA-nın apardığı araşdırma zamanı məlum oldu ki, sürüşmə təhlükəsi olan ərazidə evin aşağısında çökmə halı baş verib.

Şikayətçinin sözlərinə görə, sürüşmə iyunun əvvəlindən başlayıb: "Müvafiq orqanlara müraciət etmişəm, ancaq heç bir müsbət cavab ala bilməmişəm. Həmin qurumlara göndərdiyim teleqramların sayını itirmişəm. Yalnız dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlmişdilər. Onları da Fövqəladə Hallar Nazirliyi göndərib. Nəticə olaraq bildirdilər ki, FHN-ə bildiriş göndəriləcək".

Sürüşmə ərazisi olduğunu bilə- bilə niyə burada ev tikirdiniz sualına isə şikayətçi: "2006-cı ildə buranı tikəndə belə bir hal yox idi. Sürüşmə vəziyyəti ilə yeni qarşılaşmışıq", -deyə cavab verdi.

II qrup Qarabağ əlili olan C. İbrahimov Abşeron rayon İcra Hakiminin müavini Mirzə Aslanovun qəbulunda olub, lakin ona bu cavab verilib: "Əlin ayağın işləmirdi, bəs başına nə olmuşdu? Niyə gedib orada ev tikmisən?". Şikayətçinin müavinə cavabı isə o olub ki, "Düz deyirsiniz, başım işləsəydi gedib Qarabağ döyüşlərində vuruşmazdım ki, sizing kimiləri də qarnını şişirdib burada otursunlar."

Hadisə yerində olarkən Masazır Bələdiyyəsindən nümayəndə də orada idi. Masazır Bələdiyyəsinin müavini Söhbət Məmmədov isə açıqlamasında bildirdi ki, burada inşa edilən evlərin əksəriyyəti sənədsizdir, çünki bura təhlükəli ərazi olduğuna görə tikiliş aparmağa icazə verilmir: "Vətəndaşlar heç bir sənəd almadan öz güclərinə ev tikirlər. Həmin ərazidə olan evlərin sənədlərində bələdiyyənin imzası yoxdur. Bura yaşayış yeri üçün nəzərdə tutulan ərazi deyil. Tikinti aparılmaması üçün dəfələrlə əhaliyə bildiriş verilib. Onlara xəbərdarlıq da edilib. Ancaq buna məhəl qoymayıb, gecə ikən ev tikirlər".

"Kanalizasiya xəttlərini belə təzəliklə düzəltmişik. Buna baxmayaraq bütün qrunt sularının hamısı burada cəmləşir. İcra Hakimiyyəti tərəfindən də sürüşmənin qarşısını almaq üçün müvəqqəti sədlər çəkilib", -deyə Söhbət Məmmədov əlavə edib.

Müavin onu da qeyd etdi ki, qəzalı vəziyyətdə olan evin ətrafı vətəndaşın və bələdiyyənin gücünə müvəqqəti də olsa düzəldilib.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə yollansaq da iş başında heç kimi tapa bilmədik. İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov isə qarşadaşının il mərasimində olduğuna görə işdə deyildi.

Bütün xəbərlər Facebook səhifəmizdə