Azərbaycan Premyer Liqası müqavilə bağladı

Azərbaycan Premyer Liqası müqavilə bağladı

Bu gün Topaz və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) strateji əməkdaşlıq haqqında müqavilənin imzalanmasına dair mətbuat konfransı keçirir. SİA-nın verdiyi xəbərə görə, konfrans zamanı PFL-nın prezidenti Ramin Musayev və "Azərinteltek" Şirkətinin direktorlar şurasının sədri cənab Ahmet Geylani Sezer üç illik strateji əməkdaşlıq müqaviləsini imzalayıblar. Müqaviləyə əsasən 19 sentyabr 2012-ci il tarixindən etibarən Topaz Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və Azərbaycan Premyer Liqası bundan sonra Topaz Premyer Liqası adlandırılacaq. Mətbuat konfransında PFL-nın prezidenti Ramin Musayev imzalanan müqavilənin Azərbaycan futboluna böyük dəstək olacağını vurğulayıb: "PFL-sı Azərbaycanda futbolun inkişafı naminə çalışan bir qurumdur. Bu baxımdan Topazın bizə dəstək olması Azərbaycan futbolunun daha da inkişaf edərək, böyük uğurlar əldə etməsinə yardım edəcək".

Öz növbəsində "Azərinteltek" Şirkətinin direktorlar şurasının sədri Ahmet Geylani Sezer bu müqavilənin imzalanmasına böyük önəm verdiyi haqqında danışıb: "Topaz Azərbaycan idman sahəsinin ayrılmaz bir hissəsinə çevrilən böyük bir layihədir. İmzaladığımız bu müqavilə idman və futbol sahəsinə verdiyimiz növbəti önəmli töhfədir. Mən inanıram ki Topazın bu dəstəyi Azərbaycanda futbolun yayılmasına və nəticə etibarilə yerli klubların daha da inkişaf etməsinə, azerkeşlərin artırılmasına təkan verəcək. Yönələn dəstək ölkə idmanının inkişafına dəstək verməklə yanaşı, Azərbaycanda sağlam idman iqtisadiyyatını yaradacaq".

Qeyd edək ki, mətbuat konfransı zamanı PFL-nın loqotipi təqdim edilib. Loqoda Azərbaycan futbol topu və onu hər tərəfdən əhatə edən alov təsvir edilib. Bu alov Topazın Azərbaycan futbol azərkeşlərində yaratdığı futbol həyəcanın alovudur.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə