Beynəlxalq Simpozium öz işinə başladı

Beynəlxalq Simpozium öz işinə başladı

Paytaxt Milanda "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyənin Konya Fikir, Mədəniyyət və Sənət Adamları Birliyi və Milan Politexnik Universitetinin təşkiltaçılığı ilə VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu öz işinə başlayıb. Qurumdan SİA-ya verilən məlumata görə, simpoziumun açılış mərasimində Milan Politexnik Universitetinin rektoru professor Alessandro Balduçi, Türkiyənin Konya Fikir, Mədəniyyət və Sənət Adamları Birliyinin rəhbəri professor Yusuf Küçükdağ, simpoziumun sədri professor Stefano Della Torre, simpoziumun baş katibi Əhməd Aytac, Azərbaycan tərəfdən AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Vəli Əliyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova çıxış ediblər.

Məlumat üçün bildirək ki, simpoziumun iştirakçıları arasında Azərbaycandan olan 50-ə yaxın ziyalı, alim, tarixçi və arxeoloqlar, sənət adamları, media nümayəndələri var. Simpoziumun ilk günüdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev və Azərbaycan Müəllimlər İnstitutunun dossenti, MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Azərbaycan-Avropa əlaqələri tarixinə dair ", Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhimovun "Türkdilli xalqların memarlıq irsinin tarixi inkişaf yolları" , həmin universitetin professoru Cəfər Qiyasinin "Azərbaycanın Monumental Səfəvi Türbələri və Tac Mahal Türbəsinin Genezisi Haqqinda" və başqa məruzələr dinlənilib. Qeyd edək ki, simpoziumda türk tarixi, ədəbiyyatı, folkloru, incəsənətinə dair məruzələr (rəsm əsəri, heykəl və s. türk plastik sənətləri və ənənəvi türk incəsənəti ilə bağlı mövzular), türk elmi (türk ictimai elm və texnika sahəsindəki bütün mövzular), türk arxeologiyası (arxeoloji qazıntılar, mühafizə sistemləri, memarlıq abidələrinin qorunması üçün texnikalar, bərpa-ortaq fəaliyyət sahələrində birgə çalışan tədqiqatçı və texniklərin tədris fəaliyyətləri, yaşayış yerlərinin monitorinqi) haqqında məruzələr dinləniləcək.

Simpozium zamanı həmçinin beynəlxalq sərgi, MİRAS Musiqi Qrupunun ifasında Azərbaycan Muğamı gecəsi təşkil olunacaq.

Qeyd edək ki, simpozium öz işini sentyabrın 20-dək davam etdirəcək. Sentyabrın 20-də simpozium iştirakçılarının İtaliyanın tarixi və görməli yerlərinə, o cümlədən Verona və Venesiya şəhərlərinə səyahətləri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə