Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkzib edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkzib edir

Bəzi Kütləvi İnformasiya Vasitələrində qış fəslinin yaxınlaşması ilə əlaqədar Azərbaycanın şimal bölgəsində meşələrin qırılması ilə bağlı yazı dərc olunub. SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yazı heç bir əsası olmayan ittihamlar üzərində qurulub. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən özbaşına ağac qırıntısı hallarına qarşı daim və intensiv mübarizə aparılır.

Məlumatda deyilir ki, son illərdə ölkə ərazisində meşələrin bərpası və mühafizəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən qanunsuz ağac qırıntısına qarşı mübarizənin gücləndirilməsi, meşələrin mal-qaradan mühafizəsi məqsədilə çəpərləmə işlərinin aparılması nəticəsində meşələrdə milyonlarla ağac pöhrəsi əmələ gəlib. Habelə açıq sahələrdə Nazirliyin müvafiq strukturları tərəfindən yetişdirilən tinglərin əkilməsi hesabına son illər Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsi 11,4 faizdən 11,8 faizə çatıb. Müqayisə üçün bildirək ki, 1995-2000-ci illər ərzində 26,3 min hektar sahədə meşəbərpa işləri aparıldığı halda, ETSN yarandıqdan sonra, 2001-2012-ci illər ərzində 105 min hektar sahədə meşə əkinləri və meşəbərpa tədbirləri həyata keçirilib.

Meşələrin qorunub mühafizə olunması istiqamətində aparılmış bu cür məqsədyönlü və qəti tədbirlər, o cümlədən Azərbaycan meşələrindən xammal kimi istifadə hallarının qarşısının alınması nəticəsində ağac emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin Respublikaya idxal etdiyi ağac və ağac məhsullarının miqdarı 2002-ci ilə nisbətən 2012-ci ildə 5 dəfə artıb.

Haqsız, yoxlanılmamış, əsassız müddəalar əsasında istənilən vətəndaşın, o cümlədən tanınmış şəxslərin ünvanına utanc gətirən ittihamlarla çıxış edilməsi, əslində qara piar ənənələrinə daha çox oxşayan fəaliyyət, sadəcə ədalətsizlik deyil, kiminsə adını hallandırmaq üçün bir bəhanədir.

Bütün xəbərlər Facebook səhifəmizdə