Zərər çəkmiş evlər bərpa olunacaq

Zərər çəkmiş evlər bərpa olunacaq

Bir sıra mətbuat orqanlarında 11 avqust 2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində Füzuli rayonunun Horadiz şəhərində xeyli evlərə ciddi zərər dəydiyi, bununla əlaqədar rayon İcra Hakimiyyətinin tədbir görmədiyi barədə məlumat dərc olunub.

SİA-ya Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin vaxt olmuş 2 bal gücündə zəlzələ nəticəsində Horadiz şəhərində zəif təkanlar qeydə alınıb, 17 evdə çatlar əmələ gəlib. Həmin çatlar əsasən erməni işğalı zamanı zərər çəkmiş evlərdə müşahidə olunub.

Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin komissiyası və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri evlərə baxış keçirib, vəziyyət sənədləşdirilib və bərpa işləri görülməsi üçün aidiyyati respublika təşkilatlarına rəsmi məlumat verilib. Zərər çəkmiş ailələrə çadırlar və başqa zəruri mallarla köməklik göstərilib.

Dəymiş zərərin nəticəsi ilə əlaqədar görülmüş işlər barədə əlavə məlumat veriləcəkdir. Bundan başqa RİH-dən bildirilib ki, erməni işğalı dövrü zərər dəymiş 2865 evin sənədləri bərpa olunmaq üçün aidiyyati respublika təşkilatların göndərilib. Yaxın vaxtlarda bərpa işlərinə başlanacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə