Türkiyəli məşhur roman ustası İskəndər Pala azərbaycanlı oxucuları ilə görüşüb
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçirilib. SİA-nın məlumatına görə, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə Azərbaycanda səfərdə olan qardaş ölkə yazıçısının iştirakı ilə keçirilən görüşdən öncə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin layihəsi çərçivəsində Azərbaycan dilinə uyğunlaşdırılaraq yenicə çapdan çıxımış İskəndər Palanın "OD" romanının satışı həyata keçirilib. Qeyd edək ki, "OD" romanının satışından əldə edilən vəsait, xeyriyyə məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Təbrizdə baş vermiş son dağıdıcı zəlzələdən zərər görmüş soydaşlarımıza göndəriləcək.
Gecədə açılış nitqi söyləyən ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva ilk öncə, İskəndər Palanın şəxsiyyəti və yaradıcılığı, onun Azərbaycana səfər proqramı, proqram çərçivəsində həyata keçirilmiş və keçiriləcək görüşlər, tədbirlər barədə ətraflı məlumat verib.
İskəndər Pala kimi zəngin elmi, ədəbi yaradıcılıq yolu keçmiş bir fikir adamı ilə keçirilən görüşlərin mədəni həyatımız, ədəbiyyat tariximiz üçün yaddaqalan hadisə olacağına inandığını bildirib. Qənirə Paşayeva diqqəti onun Türk dünyasının böyük övladı Yunis Əmrədən bəhs edən "OD" romanı və romanın Azərbaycanda işıq üzü görməsinə yönəldib.
Millət vəkili qardaş ölkə yazıçısının müraciət etdiyi mövzuların, özəlliklə onun bədii əsərlərinin ortaq türk dəyərlərindən qaynaqlandığını, ortaq türk gələcəyinə yönəldiyini vurğulayıb. İlahi eşqin İskəndər Pala yaradıcılığı üçün əsas xətt olduğunu qeyd edib, bu əsərlərin ilk növbədə bir oxucu olaraq onda oyandırdığı düşüncə və fikirlərdən bəhs edib. Çıxışına Azərbaycanda olmaqdan dərin məmnunluq hissi keçirdiyini ifadə etməklə başlayan İskəndər Pala öz yaradıcılıq kredosu və özü üçün müəyyənləşdirdiyi ədəbi-fəlsəfi məntiq barədə danışıb. Müraciət etdiyi mövzuları işləməmişdən öncə dərindən öyrəndiyini, sonra qələmə sarıldığını bildirib. Yazıçı Bakıda işıq üzü görən əsərlərinin, eləcə də digər bədii və elmi əsərlərinin meydana çıxma səbəbləri haqqında danışıb, bir türk aydını olaraq ehtiyac duyduğu məqamlardan söz açıb.
Sonra gecə fikir mübadiləsi və sual-cavab şəklində davam edib. Akademik Vaqif Abbasov, İ.Pala yaradıcılığının mahir bilicisi Əsgər Rəsulov, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri öz fikir və mülahizələrini bölüşdükdən sonra tələbə-gənclər, digər çoxsaylı oxucular, onları maraqlandıran suallarla yazıçıya müraciət edib, istək və arzularını dilə gətiriblər.
Sonda "OD"un imzalanma mərasimi olmuş, oxucular ünlü yazıçı ilə xatirə şəkilləri çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB