25 illik əməkdaşlıq

Sumqayıt yaxın 25 il ərzində Lüdfiqshafen şəhəri ilə əməkdaşlıq edəcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Lüdviqshafen şəhər meriyasının birinci katibi Klaus Dillinger Sumqayıtda Bayraq meydanının açılışında iştirak edərkən deyib. Onun sözlərinə görə, mötəbər bir tədbirdə iştirak etmək sevinc və qürurvericidir:

"Mənim üçün böyük bir şərəfdir ki, Sumqayıtda mötəbər bir tədbirdə iştirak edirəm. Azərbaycana ilk dəfədir gəlirəm. Sumqayıt şəhərinə çox heyranam. Şəhər icra başçısı ilə bizim danışıqlarımız oldu. Yaxın 25 il ərzində şəhərlərimiz arasında əməkdaşlıq münasibətlərini müzakirə etdik və bu istiqamətdə birgə layihələr həyata keçirməyi düşünürük. Ümidvaram ki, bizim əməkdaşlığımız hər iki şəhərin inkişafında mühüm rol oynayacaq".

Xatırladaq ki, Lüdviqshafen Sumqayıtla qardaşlaşmış 13 şəhərdən biridir. Almaniyanın məhz bu şəhəri ilə Sumqayıtı daha sıx və uzunmüddətli əlaqələr birləşdirir. Lüdviqshafenin mütəxəssisləri tez-tez şəhərin qonağı olur, birgə layihələrdə fəal əməkdaşlıq edirlər. Məsələn, Sumqayıtda qardaşlaşmış şəhərin şərəfinə adlandırılmış və 9-cu mikrorayonda şəhər sakinlərinin istirahət yeri olan böyük park salınmışdır, Lüdviqshafendə isə Sumqayıt küçəsi vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə