ATGTİ nümayəndələri İtaliya səfiri ilə görüşüb

ATGTİ nümayəndələri İtaliya səfiri ilə görüşüb

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətinin əməkdaşları Məcid Musayev və Üzeyir Abdullayev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mario Baldi ilə görüşüb.

Görüşün əvvəlində ATGTİ nümayəndələri cənab Baldini təşkilatın yaranma tarixi və fəaliyyət strukturu ilə tanış edərək, İttifaqın həyata keçirdiyi irimiqyaslı layihələri təqdim ediblər.

Öz növbəsində cənab səfir İtaliya ilə Azərbaycan arasında inkişafda olan əlaqələri şərh edərək, tələbə-gənclərin bu sahədə xüsusi rol oynadığını vurğulayıb. "Bu gün Azərbaycanda italyan dilini öyrənən onlarla tələbə var. Biz onları balaca səfirlər adlandırırıq. Mən çox şadam ki, Azərbaycanın belə bir vahid tələbə təşkilatı var" - deyə cənab Baldi bildirib. Müzakirə zamanı səfir onuda qeyd edib ki, İtalyan QHT-ləri ölkəmizin bu sahədə əldə etdiyi uğurlu təcrübədən yararlana bilərlər: "Bu gün İtalyanın ümumi bir tələbə təşkilatı yoxdur. Mövcud tələbə təşkilatları ayrı-ayrı sahələri əhatə edir".

Görüşün davamında ATGTİ tərəfi İtalya səfirliyinə hər iki ölkənin mədəniyyətinin daha da dərindən tanıdılması üçün bu sahəyə aid müxtəlif tədbirlərin keçirilməsini təklif edib. Verilmiş təklifi dəyərləndirəcəklərini qeyd edən səfir, onu da bildirib ki, gələcəkdə İtaliya-Azərbaycan arasında gənclər sahəsində əlaqələrin inkişafında ATGTİ xüsusi rol oynaya bilər.

Görüşün sonunda cənab səfirə İttifaqın çap məhsulları, özündə ölkəmizin xalça mədəniyyətini əks edən xalça təqdim edilib və xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə