Cari ilin sentyabr ayının 18-19-da Avropa İttifaqının paytaxtı Brüssel şəhərində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının "Cənubi Qafqaz Ölkələrində İnteqrəedilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsinin yekun konfransı keçiriləcək. SİA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadənin rəhbərliyi altında aidiyyatı dövlət qurumlarının (XİN,DGK,DMX), habelə BMT–nin İnkişaf Proqramının rəhbər səlahiyyətli şəxslərinin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti konfransın işində iştirak etmək üçün Brüsselə yola düşüb. Konfransda layihənin fəaliyyət göstərdiyi müddət ərzində müasir sərhəd idarəçiliyinin tətbiqi sahəsində görülən işlər və əldə olunan nailiyyətlərlə bağlı Cənubi Qafqaz ölkələrinin Milli Təqdimatları iştirakçıların diqqətinə çatdırılacaq.
Daha sonra Azərbaycan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığının davamı olaraq "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycan və Gürcüstan arasında quru sərhədlərin razılaşdırılmış hissəsində (Yaşıl Zolaq) qabaqcıl İSİ (İnteqrəedilmiş Sərhəd İdarəçiliyi) modelinin tətbiqi ilə əlaqədar ümumi büdcəsi 2,5 milyon Avro olan yeni layihənin prioritet istiqamətləri müzakirə olunacaq.
Layihənin əsas fəaliyyəti mövcud və mümkün olan təhdidlərin qarşısını almağa yönələn iki ölkə arasında quru sərhəd mühafizəsinin daha yaxşı əlaqələndirilməsini təmin etmək üçün Azərbaycan və Gürcüstanın sərhəd orqanları arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, konfransın işində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Cənubi Qafqazın digər ölkələrinin, Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının, Şərq Qonşuluq Regional Proqramlarının, həmçinin Latviya Dövlət Sərhəd Xidmətinin rəhbər səlahiyyətli şəxsləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB