20 sentyabr 2012-ci il tarixdə Milli İnternet Mükafatına -Milli Net 2012 -yə start verilir. SİA-nın məlumatına görə, Milli Net müsabiqəsinin keçirilməsində məqsəd ölkədə İKT sektorunun, xüsusilə də internetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Bu il keçirilməsi nəzərdə tutulan Milli Net-2012 Qaydalarında müəyyən dəyişikliklər edilib.
Ötən ildən fərqli olaraq 2 yeni nominasiya əlavə olunub və nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb. Aşağıdakı nominasiyalar üzrə yarışmanın keçirilməsi nəzərdə tutulub.
Korporativ saytlar
İctimai-sosial saytlar
Media və İnformasiya
Mədəniyyət, incəsənət və turizm saytları
Ailə, uşaq və sağlamlıq
Asudə vaxt, idman və əyləncə
Bloqlar
Elm və təhsil
Dövlət və bələdiyyə saytları
Xidmət (Servis)
İstifadəçi kontenti üzərində qurulmuş saytlar
Ən yaxşı sosial şəbəkə
StartUp 2012
"Ən yaxşı sosial şəbəkə" nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini aktiv formada "Facebook" səhifəsi üzərindən həyata keçirən qurumlar öz "Facebook" səhifələrini təqdim edə bilərlər. Bu nominasiyanın qaliblərinə "SAZZ" şirkətinin xüsusi mükafatları təqdim olunacaq.
Azərbaycan internetində yeni saytların yaranmasını stimullaşdırmaq üçün StartUp-2012 nominasiyası əlavə olunub. Bu nominasiya üzrə yalnız 2012-ci ilə fəaliyyətə başlayan internet layihələr və saytlar yarışmaya qəbul ediləcək.
Ötən ildə olduğu kimi qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Münsiflər heyətinin tərkibi yeniləşdirilib. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması zəruridir. Ötən illərdə olduğu kimi bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Qeydiyyat prosesi 20 sentyabr tarixindən başlayır və noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə 13 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telekom və "SAZZ" şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB