Seçici problemi və onun həlli yolları

Seçici problemi və onun həlli yolları

"14-15 sentyabr 2012-ci il tarixində seçildiyim 47 saylı Mingəçevir seçki dairəsində seçicilərimlə görüşdüm. 2 gün ərzində 100-ə qədər seçicini qəbul etdim". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, seçicilərin problemlərinin bir qismi sosial məsələlər, işlə təminat, digər bir qismini isə bu və ya digər məsələlər təşkil edib. Problemlərin hər birinin yerində araşdırıldığını və həll olunduğunu söyləyən millət vəkili, bir sıra məsələlərin həll olunması üçün Bakıda müvafiq orqanlar tərəfindən buna müdaxilə olunması gərəkliyini söyləyib: "Mingəçevirin ayrı-ayrı ziyalılarından qanunlarımıza edilən təkliflər müzakirə olundu. Bir qismi dəyərli hesab edildi və parlamentin payız sessiyasında vaxt aşırı mənim tərəfimdən qaldırılacaq. Eyni zamanda şəhərdə gedən quruculuq işlərinin vəziyyəti barəsində seçicilərin fikiri öyrənildi. Digər təkliflər əsas götürülərək şəhər rəhbərliyinin diqqətinə çatdırıldı və onların həlli nəzərdə tutuldu".

Aydın Mirzəzadə bilik günündə Mingəçevir şəhərinin qədim təhsil ocaqlarından olan Mehdi Hüseynzadə adına 3 nömrəli orta məktəbin tədris korpusunun açılış mərasimində iştirak etdiyinidə qeyd edib. Millət vəkilinin sözlərinə görə, Mingəçevir şəhəri cəbhə xəttinə yaxın olduğundan məktəblərin əksəriyyətində məcburi köçkün və qaçqınlar yerləşdirilib: "Bu baxımdan 3 nömrəli məktəbdə yeni bir tədris korpusu inşa edilib. Məktəbin ibtidai sinifləri yeni korpusda təhsil alacaqlar. Həmçinin Mingəçevirdə hal-hazırda qaçqınları yerləşdirmək üçün böyük bir qaçqın şəhərciyi salınır. Şəhərcik bu ilin axırına, ya da gələn ilin əvvəlinə təhvil verilməlidir. Cənab prezident şəhərin salınmasına müvafiq maliyyə yardımı ayırıb. Qaçqınlar şəhərciyə köçürüldükdən sonra məktəblərin kapital təmiri və tədris prosesi bir başa məktəblərdə davam etdirilməsi nəzərdə tutulub".

Politoloq onu da bildirib ki, orada olduğu müddətdə şəhərin veteranları və ziyalıları ilə də görüşüb. Onların bu və ya digər məsələyə aid fikirlərini öyrənib. Şəhərdə prezidentin siyasi kursunun dəstəkləndiyinin, onun fəaliyyətinin böyük bir razılıq doğurduğunun bir daha şahidi olan millət vəkili: "Şəhərdə bu günlər böyük quruculuq işləri aparılır. Bir neçə yeni müəssisənin tikilməsi üçün layihələr hazırlanır. Şəhər rəhbərliyi ilə görüşdə seçicilərin qaldırdıqları məsələlərin bir qismi rəhbərliyin nəzərinə çatdırıldı. Bu istiqamətdə işlərin görülməsilə bağlı müzakirələr aparıldı. Şəhərdə olarkən eyni zamanda yerli Mingəçevir televiziyası və "Regional TV"-də oldum və müsahibələrimdə regionda gedən məsələlərə münasibət bildirdim. Həmçinin Azərbaycanın bu gün beynəlxalq aləmdə fəaliyyətilə, regionun iqtisadi inkişaf ilə bağlı görülən işlər barəsində, ölkənin milli dövlətçilik inkişafı üçün həyata keçirilən tədbirlər haqqında fikirlərimi bildirdim. Mingəçevirdə daimi olaraq köməkçi deputat qəbulu otağım fəaliyyət göstərir. Bunun vasitəsilə hər bir problemin həlli yollarının müzakirəsi həyata keçirilir. Onların problemlərinin həlli istiqamətində öz köməyimi göstərməyə çalışıram", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə