“28 May”a yeni eskaltorlarla

Bu gün "28 May" stansiyasında yeni eskaltorlar istifadəyə verilib. SİA-nın xəbərinə görə, bu yeniləşmə 2011-ci il martın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təsdiq etdiyi dövlət proqramına uyğun həyata keçirilib. Nazirlər Kabinetinin 6 fevral tarixli sərəncamına əsasən, stansiyada sökülmüş 3 ədəd eskalatorun əvəzinə, "İçərişəhər"də olduğu kimi, Almaniyanın "Thyssen Krupp" şirkətinin "Viktoriya" FT 735 tipli 4 ədəd eskalatoru quraşdırılıb. LT-3 tipli eskalatorların söküntüsünü metropoliten öz mütəxəssisləri və işçi qüvvəsi hesabına aparıb.

Eskalatorların demontajından dərhal sonra Tunel qurğuları xidməti burada beton pillələri və digər tikililəri sökərək, sahəni yeni avadanlığın quraşdırılması üçün lazımi norma həddinə çatdırıb, həmçinin digər təmir-bərpa işlərini yerinə yetirib. Yeni avadanlıqları Türkiyənin "MİK-EL Elektronik San." şirkəti quraşdırıb və onlara metropolitenin artıq bu sahədə təcrübəsi olan mütəxəssisləri və işçi qüvvəsi kömək edib. Eskalatorların quraşdırıldığı müddətdə sərnişinlər "28 May" stansiyasının ikinci giriş-çıxışından (Salatın Əsgərova küçəsi) və "Cəfər Cabbarlı" keçid stansiyasından istifadə ediblər.

Metropoliten rəisi Tağı Əhmədovun əmrinə əsasən, işin icrası ilə bağlı elektromexanika xidmətinin eskalator distansiyası xüsusi işçi qrupları təşkil edilmişdi və onların növbəli iş rejimini müəyyənləşdirilib. Bu qrupların işinə nəzarət xidmətin baş mühəndisi Sadədin Yusifova və birləşmiş emalatxanalardan eskalatorların və dəzgah avadanlıqlarının təmiri üzrə məsləhətçi Vasif Babayevə tapşırılıb. Yeni yaradılmış briqadaların ümumi fəaliyyətinin koordinatoru eskalator distansiyasının rəisi Elçin İsmayılov idi. Bütün işlərin gedişinə ümumi nəzarət idarənin baş mühəndisi Elbrus Muradova tapşırılıb.

Yeni eskalatorlardan ikisinin eni 80 sm, digər ikisinin eni isə 1 metrdir. Yeni eskaltorlar enerjiyə qənaət rejimində işləyir. LT tipli eskalatorlarla müqayisədə onun istismarı və texniki qulluq şərtləri daha asandır, eyni zamanda təhlükəsizlik sistemləri və tələbləri daha mükəmməldir. Eskalatorun sürəti 0,65 m/saniyədir. Eskalatorların sayının artması ilə sərnişin axınının yönəldilməsi və bütün mümkün maneələrin aradan qaldırılması məqsədilə eskaltorların yeni iş qrafiki tətbiq olunacaq. Sərnişin axını nəzərə alınaraq, giriş zonasının keçid məntəqəsində 10 ədəd gediş haqqının ödənilməsi avadanlığı (turniket) qoyulub. Eskaltorların quraşdırılması dövründə stansiyada metropolitenin yanğından hərbiləşdirilmiş mühafizə şöbəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq bölməsinin iştirakı və nəzarəti ilə yanğın təhlükəsizliyi avadanlıqları və siqnalizasiya sistemi də yenilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə