Yeni xəstəxana binası açıldı

Sabirabad rayonunda Qəzli Kənd Sahə Xəstəxanasının açılış mərasimi keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, açılış mərasimində Yaponiyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və xanımı, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, millət vəkili Ceyhun Osmanlı, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlifağa Nadirov, "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, səfirliyin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Nəticə olaraq xəstəxananın bəyənildiyi və davamlılıq olaraq bundan sonra da birgə əməkdaşlıq çərçivəsində millət vəkili Ceyhun Osmanlı tərəfindən Ahıska kənd xəstəxanasının gələn il tikiləcəyi qeyd edilib.

Daha sonra yenidən qurulan Qəzli Kənd Sahə Xəstəxanası ilə tanışlıq həyata keçirilib. Qəzli Kənd Sahə Xəstəxanasının yenidən qurulmasından sonra bütün tibbi standartlara cavab verən 15 çarpayılıq xəstəxana əhaliyə təhvil verilib. Bütün otaqlar ən yüksək standartlar səviyyəsində təmir olunub.

Qeyd edək ki, Qəzli Kənd Xəstəxanası ümumi əhalisi 12 000 nəfərdən artıq olan 5 kəndə (Qəzli, Qruzma, Qaraqaşlı, Yenikənd və Kovlar) xidmət göstərir. İşlək vəziyyətdə olduğu zamanlar sadalanan 5 kəndlə bərabər, eyni zamanda Hacıqabul rayonunun yaxın kəndlərinə də müvafiq tibbi xidmət göstərməkdədir.

Xatırladaq ki, xəstəxana rekonstruksiyadan əvvəl 1968-ci ildə tikilmiş binada fəaliyyət göstərib. Xəstəxanada son 50 ildə müvafiq yenidənqurma və rekonstruksiya işlərinin aparılmaması səbəbindən bərbad vəziyyətə düşmüşdü. 2007-ci ildə isə, xəstəxanada elektrik naqillərinin qısa qapanması nəticəsində baş vermiş yanğında xəstəxananın 270 m2 ərazisi yanmış və istifadə üçün tamamilə yararsız vəziyyətə düşmüşdü.

Məlumat üçün bildirək ki, 16 mart 2012-ci il tarixində "İRƏLİ" İctimai Birliyi və Yaponiyanın ölkəmizdəki səfirliyi arasında Qəzli Kənd Sahə Xəstəxanasının yenidən tikilməsinə dair qrant müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Sabirabad rayonu Qəzli kəndində "İRƏLİ" İctimai Birliyi və Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində reallaşdırılan Qəzli Kənd Sahə Xəstəxanasının inşası millət vəkili Ceyhun Osmanlının təşəbbüsü, Yaponiya Səfirliyinin mailiyyə dəstəyi, Səhiyyə Nazirliyinin təchizat dəstəyi, İcra Hakimiyyətinin dəstəyi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə