Yeni məktəb binası açıldı

Tovuz şəhərindəki şəhid Elxan Məmmədov adına tam orta məktəb üçün inşa olunan 360 yerlik yeni məktəb binası istifadəyə verilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıblar.

Çıxışçılar məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərindən danışıblar. Tədbirdə həmçinin qeyd olunub ki, Fondun təşəbbüsü ilə reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son illər rayonda 3 məktəb binası istifadəyə verilib. Bundan əlavə, daha 14 məktəb binası dövlət vəsaiti hesabına tikilib. Hazırda rayonda daha 3 məktəb binasının tikintisi davam edir.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva sevindirici hal kimi bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Millət vəkili ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını yaxşı hal kimi qiymətləndirib.

Millət vəkili Qənirə Paşayeva bu il Tovuz rayonundan 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirib və bildirib ki, ölkə üzrə rayonlar arasında ən çox hərbi məktəblərə daxil olanların sayına görə Tovuzun ön sırada olması onu çox məmnun edir.

Tədbirdə çıxış edən müəllim və şagirdlər bu şəraiti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra tədbir iştirakçıları 18 sinif otağından, fizika, kimya laboratoriyaları, 2 informatika otağı, kitabxana və idman zalından ibarət olan, müasir avadanlıqla təchiz edilmiş ikimərtəbəli məktəb binası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə